Böyük Britaniya qağayıların oğurladığı yeməklərə görə hər il 171 milyon funt zərər çəkirbackend

Böyük Britaniya qağayıların oğurladığı yeməklərə görə hər il 171 milyon funt zərər çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada qağayıların insanların yeməklərini oğurlaması ölkə iqtisadiyyatına hər il təxminən 171 milyon funt sterlinq ziyan vurur.

Məlumata görə, son illər Böyük Britaniyada qağayıların aqressiv davranışları daha da diqqət çəkir. Xüsusilə dənizkənarı şəhərlərdə və insanların sıx olduğu küçələrdə bu quşlar vətəndaşların əlindəki yeməkləri oğurlayır.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, ölkə əhalisinin 71 faizi ən azı bir dəfə qağayıların yeməklərini almağa cəhd etməsi və ya birbaşa oğurlaması ilə qarşılaşıb.

Qağayıların ən çox oğurladığı qidalar arasında ənənəvi “fish and chips” — balıq və kartof qızartması ilk sırada qərarlaşıb. Sorğuda iştirak edənlərin 72 faizi məhz bu yeməyin qağayıların əsas hədəfi olduğunu bildirib. Sonrakı yerlərdə sendviçlər və dondurmalar qərarlaşıb.

Problemin geniş yayılması bəzi sahibkarları da maraqlı addımlar atmağa vadar edib. Margate şəhərində yerləşən bir kafe sığorta şirkəti ilə birlikdə “Qağayı zəmanəti” adlı təşəbbüsə başlayıb. Qağayı tərəfindən yeməyi oğurlanan müştərilərə sifarişləri pulsuz şəkildə yenidən təqdim olunur. Layihə üçün 1000 funt sterlinqlik xüsusi fond ayrılıb.

Maliyyə analitiki Çarli Evans bildirib ki, bu cür hadisələr insanların cəmi bir neçə saniyəlik diqqətsizliyi zamanı baş verir və qağayıların fəaliyyəti britaniyalıların gündəlik xərclərinə real təsir göstərir.

Sorğunun nəticələri göstərib ki, insanların davranışları da dəyişib. Respondentlərin 76 faizi küçədə yemək yemə vərdişlərini dəyişdiyini deyib. Onların 43 faizi yeməklərini qağayılardan gizlətdiyini, 31 faizi isə quşların hücumuna məruz qalmamaq üçün yeməyi daha tez yeməyə çalışdığını bildirib.

Hadisə ilə üzləşənlərin 69 faizi belə halların bir dəfədən çox baş verdiyini qeyd edib. Sorğu iştirakçılarının 80 faizindən çoxu isə qağayıların digər insanlara hücum edərək yeməklərini oğurlamasının şahidi olduğunu deyib.

Qağayılar yalnız qida ilə kifayətlənmir. Araşdırma zamanı içkilərin və hətta uşaqların oyuncaqlarının da bu quşlar tərəfindən götürülməsi ilə bağlı hallar qeydə alınıb.

Mütəxəssislərin fikrincə, qağayıların şəhər mühitində insanlara və hazır qidaya alışması bu cür hadisələrin sayının artmasının əsas səbəblərindən biridir. 

//Gülnarə Abasova, Editor.az