Dünya liderləri ehtiyatlı mövqe seçdi: Tramp hadisəsində diqqət çəkən detalbackend

Dünya liderləri ehtiyatlı mövqe seçdi: Tramp hadisəsində diqqət çəkən detal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə ABŞ-də yüksək vəzifəli siyasi fiqurların təhlükəsizliyi ətrafında yaranan insidentlər beynəlxalq ictimai rəyin diqqət mərkəzində qalmaqda davam edir. Xüsusilə Donald Trampla bağlı qeydə alınan silahlı hadisələr bu məsələni yenidən gündəmə gətirərək ABŞ-ın mühafizə və təhlükəsizlik sistemi ilə bağlı sualları aktuallaşdırıb. Bu fonda həm tarixi təcrübə, həm də mövcud hadisələrin mahiyyəti ABŞ prezidentlərinə qarşı yönəlmiş təhlükələrin səbəbləri barədə daha geniş müzakirələrə yol açır.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Donald Trampla bağlı baş verən son hadisə ABŞ-ın dövlət təhlükəsizlik və mühafizə sisteminin vəziyyəti barədə qəti nəticə çıxarmaq üçün təəssüf ki, yetərli əsas vermir:

“Çünki bu hadisənin, yəni Trampa qarşı sui-qəsd kimi təqdim olunan hadisənin içində bir sıra ziddiyyətli məqamlar mövcuddur və hadisənin real şəkildə necə baş verdiyi ilə bağlı çoxsaylı suallar hələ də açıq qalır. Hətta bunun Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsi ətrafında ciddi dairələrdə geniş müzakirələr aparılır. Maraqlıdır ki, Netanyahu istisna olmaqla, dünyanın heç bir dövlət başçısı, xüsusilə Avropa ölkələrinin liderləri Trampa başsağlığı verərkən və ya münasibət bildirərkən bu hadisəni açıq şəkildə “sui-qəsd cəhdi” kimi ifadə etmədilər. Onlar daha çox ümumi və ehtiyatlı ifadələrdən istifadə edərək zorakılıq aktlarının demokratiya ilə uzlaşmadığını vurğuladılar, lakin hadisəyə Trampın həyatına qarşı konkret sui-qəsd kimi qiymət verməkdən çəkinmişdilər.

Bu isə göstərir ki, beynəlxalq liderlər baş verən hadisə ilə bağlı bir sıra şübhəli və aydınlaşdırılmamış məqamların mövcudluğunu ciddi şəkildə nəzərə alırlar. Bununla belə, ABŞ tarixində oxşar hadisələr də baş verib. Məsələn, 1981-ci ildə prezident Ronald Reyqana qarşı həyata keçirilmiş sui-qəsd cəhdi real və ciddi nəticələr doğurmuşdu. Həmin hadisə nəticəsində Reyqan ağır travma almış və bu təsirlər onun həyatının sonuna qədər davam etmişdi. Onun mühafizəçisi də ciddi yaralanmışdı və bu hadisə dövlət başçısına qarşı real sui-qəsd nümunəsi kimi tarixə düşüb”.

Aydın Quliyevin sözlərinə görə, Donald Trampla bağlı son hadisədə isə hələlik çoxlu sual doğuran məqamlar mövcuddur və buna əsaslanaraq ABŞ-ın təhlükəsizlik sisteminə dair yekun nəticə çıxarmaq düzgün olmaz:

“ABŞ tarixində dövlət başçılarına qarşı çoxsaylı sui-qəsd halları qeydə alınıb, onların bir hissəsi isə bu günə qədər tam şəkildə araşdırılmayıb. Mən şəxsi olaraq ABŞ-ın prezident mühafizə sisteminin gücünə və ümumi təhlükəsizlik strukturuna şübhə etmirəm, çünki bu sistem geniş kəşfiyyat və əks-kəşfiyyat imkanlarına malikdir. Lakin belə hadisələr ortaya çıxdıqda təbii olaraq müəyyən suallar yaranır. Ona görə də bu hadisəyə əsaslanaraq ABŞ-ın təhlükəsizlik sistemi barədə qəti nəticəyə gəlməkdə tələsmək olmaz, ən doğru yanaşma hadisələrin tam aydınlaşmasını gözləməkdir”.

//Gülnarə Abasova, Editor.az