Deputat şok reallığı açıqladı: “Ermənistanın hazırki artımı saxtadır”backend

Deputat şok reallığı açıqladı: “Ermənistanın hazırki artımı saxtadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda revanşist düşərgənin aparıcı simalarından olan Robert Köçəryanın ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər İrəvanın mövcud iqtisadi modelinin nə qədər kövrək əsaslara söykəndiyini bir daha nümayiş etdirir. Xüsusilə Rusiyaya qarşı sanksiyalar fonunda formalaşan müvəqqəti iqtisadi aktivliyin davamlı inkişaf anlamına gəlmədiyi artıq Ermənistan daxilində də etiraf olunur. Maraqlıdır, Rusiya-Ukrayna müharibəsinin başa çatması və regional reallıqların dəyişməsi Ermənistan üçün hansı nəticələri doğura bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, Köçəryanın “təməl” ifadəsi ilə konkret olaraq nəyi nəzərdə tutduğunu dəqiq söyləmək çətindir:

“Ermənistan iqtisadiyyatına nəzər saldıqda, burada əsasən reeksportun üstünlük təşkil etdiyi görünür. Rusiyaya tətbiq olunan sanksiyalar fonunda Ermənistanın bu ölkəyə ixracı artıb, eyni zamanda Rusiyadan idxal həcmi də yüksəlib. Faktiki olaraq Ermənistan həm müəyyən Rusiya məhsullarının yenidən ixracını həyata keçirir, həm də Rusiyanın bəzi məhsul tələbatını üçüncü ölkələrdən aldığı malları reeksport yolu ilə qarşılayır”.

Vüqar Bayramov vurğulayıb ki, bu səbəbdən Ermənistan iqtisadiyyatında qeydə alınan son artım göstəriciləri daha çox qısamüddətli xarakter daşıyır və kifayət qədər risklidir:

“Hətta bəzi beynəlxalq qurumlar tərəfindən həmin artımın Ermənistan iqtisadiyyatında süni “köpük effekti” yaratdığı da qeyd olunur. Ermənistan bir tərəfdən Rusiyanın sanksiyalardan yayınmasına, xüsusilə Qərb dövlətlərinin qəbul etdiyi qərarların təsirini azaltmağa faktiki dəstək verir, digər tərəfdən isə qısa müddətli iqtisadi artım görüntüsü əldə edir. Bu proses növbəti mərhələdə Ermənistan iqtisadiyyatı üçün ciddi mənfi nəticələr yarada və ölkəni daha mürəkkəb iqtisadi problemlərlə üz-üzə qoya bilər”.

//Gülnarə Abasova, Editor.az