Bir neçə gün öncə Milli Məclisdə gənclər və tələbə-gənclər təşkilatlarının iştirakı ilə dinləmələrin keçirilməsi ilə bağlı təklif səsləndirilib. Hesab edirəm ki, belə bir dinləmənin keçirilməsi kifayət qədər zəruri və vaxtında atılmış addım ola bilər.
Azərbaycan üçün yeni və son dərəcə məsuliyyətli mərhələdə gənclər siyasətində müəyyən yenilənməyə, yeni təşəbbüslərə və daha fəal fəaliyyətə ehtiyac var. Son dövrdə bu sahədə əvvəlki dinamikanın bütün istiqamətlərdə hiss olunmadığı müşahidə edilir. Bu isə həm gənclər təşkilatlarının, həm də gənclər siyasətinə məsul qurumların fəaliyyət formatlarına yenidən baxmasını zəruri edir.
Azərbaycan Prezidenti, gənclərin ən böyük dəstəkçisi Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkənin qarşısında yeni imkanlar, yeni hədəflər və yeni çağırışlar formalaşdırıb. Gənclər siyasəti də bu prosesə adekvat olmalı, dövlət başçısının müəyyən etdiyi strateji prioritetlərlə ayaqlaşmalı və Azərbaycanın yeni reallıqlarını beynəlxalq platformalarda daha fəal şəkildə təmsil etməlidir.
Xüsusilə beynəlxalq gənclər təşəbbüslərinin artırılmasına ehtiyac var. Azərbaycan gəncləri yalnız ölkə daxilində deyil, beynəlxalq təşkilatlarda, regional və qlobal gənclər platformalarında daha fəal görünməli, ölkəmizin mövqelərini, əldə etdiyi nəticələri və həyata keçirdiyi siyasəti dünyaya çatdıran təşəbbüslərlə çıxış etməlidirlər.
Digər mühüm məsələ gənclərlə ideoloji və maarifləndirici işdir. Prezident İlham Əliyev mütəmadi olaraq çıxışlarında gənclər, onların qarşısında duran vəzifələr və mümkün təhlükələrlə bağlı ciddi siyasi mesajlar verir. Bu məqam gənclərlə iş sahəsində ideoloji işin əhəmiyyətini bir daha gündəmə gətirir.
Bu istiqamətdə müəyyən fəaliyyət olsa da, hesab edirəm ki, görülən işlər hələ arzu etdiyimiz səviyyədə deyil. Müasir informasiya mühiti, sosial şəbəkələr və müxtəlif xarici təsirlər fonunda gənclərlə daha sistemli, müasir metodlara əsaslanan və uzunmüddətli ideoloji-maarifləndirici iş aparılmalıdır.
Gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılmasına, yad təsirlərin və cəmiyyət üçün təhlükəli cərəyanların təsiri altına düşməsinə imkan verməmək də bu işin mühüm istiqamətlərindən biri olmalıdır. Bunun yolu yalnız qadağalardan deyil, gənclərə düzgün informasiya, sağlam dünyagörüşü, milli kimlik və dövlətçilik düşüncəsi qazandırmaqdan, onların suallarına müasir və inandırıcı cavablar verməkdən keçir.
Gənclər təşkilatları da yalnız tədbir və layihələrin keçirilməsi ilə kifayətlənməməli, gənclərin real problemlərini gündəmə gətirən, onların ictimai fəallığını artıran, beynəlxalq əlaqələrini genişləndirən və dövlət siyasətinə töhfə verən daha ciddi təşəbbüslərlə çıxış etməlidirlər. Eyni zamanda, bu sahəyə məsul dövlət qurumları arasında koordinasiya gücləndirilməli, yeni ideyalara və təşəbbüslərə daha geniş imkan yaradılmalıdır.
Milli Məclisdə keçiriləcək belə bir dinləmə gənclər siyasətində mövcud vəziyyətin açıq müzakirəsi, problemlərin müəyyənləşdirilməsi və yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması baxımından faydalı platformaya çevrilə bilər.
Əlbəttə, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda gənclər siyasəti dövlətin yüksək diqqəti və qayğısı ilə əhatə olunub. Son 20 ildən artıq dövrdə gənclər üçün yaradılan imkanlar, dövlət proqramları, gənclər təşkilatlarına verilən dəstək xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu böyük dövlət dəstəyinin fonunda qarşıdakı mərhələdə gənclər siyasətində daha yüksək nəticələr gözləmək tamamilə təbiidir. İndi əsas məsələ mövcud imkanlardan daha səmərəli istifadə etmək, Prezidentin həyata keçirdiyi siyasətin tempinə və miqyasına uyğunlaşmaq, beynəlxalq təşəbbüsləri artırmaq, gənclərimizi yad və təhlükəli təsirlərdən qorumaq və ideoloji-maarifləndirici işi daha müasir, sistemli və nəticəyönümlü səviyyəyə qaldırmaqdır.
Fərid ŞAHBAZLI
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri

