Ermənistan Qərbə qaçır, Moskva səssiz qalmır: Kremlin gizli planı işə düşür?backend

Ermənistan Qərbə qaçır, Moskva səssiz qalmır: Kremlin gizli planı işə düşür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazda geosiyasi balansın dəyişdiyi bir mərhələdə Ermənistanın Qərbə doğru artan meyilləri və bu fonda Rusiyanın narahatlığı regionda yeni siyasi konfiqurasiyanın formalaşdığını göstərir. Mövcud proseslər təkcə Ermənistan-Rusiya münasibətləri çərçivəsində deyil, bütövlükdə regional təhlükəsizlik və güc balansı baxımından da diqqətlə təhlil olunmalıdır.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Avropanın Ermənistanda ardıcıl şəkildə təşkil etdiyi iki sammit Rusiyanın regiondakı maraqlarına və strateji planlarına ciddi zərbə vurmaq məqsədi daşıyır:

“Emmanuel Macron-un bu tədbirlərdə fəal iştirakı, Nikol Paşinyan ilə birlikdə nümayiş etdirdiyi siyasi jestlər, Volodimir Zelenski-nin Ermənistana səfəri, eləcə də Paşinyanın xarici siyasətlə bağlı diqqətçəkən bəyanatları Rusiyada ciddi narahatlıq doğurur.

Əslində bu sammitlərdə Moskva üçün gözlənilməz heç nə baş verməyib və proseslər proqnozlaşdırıldığı kimi inkişaf edib. Ermənistanın tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşmaq cəhdləri və bu istiqamətdə atdığı addımlar fonunda Avropa İttifaqı ilə ardıcıl sammitlərin keçirilməsi Moskva üçün əvvəlcədən aydın idi. Buna görə də Rusiya artıq Ermənistanın gələcəyini öz himayəsində görmək mərhələsinin başa çatdığını anlayır.

Moskva yaxşı dərk edir ki, Ermənistan bundan sonra strateji kursunu daha çox Avropa, xüsusilə də Fransa ilə əməkdaşlıq üzərində qurmaq niyyətindədir. Eyni zamanda Britaniya ilə yaxınlaşma da bu siyasətdə xüsusi yer tutur. Bu tendensiyalar Rusiyanı müəyyən cavab addımları planlaşdırmağa vadar edir.

Seçki ərəfəsində və hətta seçki günlərində Ermənistanda ictimai narazılıqların təşviqi, müəyyən xaotik vəziyyətlərin yaradılması və Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiqlərin artırılması ehtimalı istisna edilmir. Lakin bu təzyiqlərin daha çox “yumşaq güc” alətləri vasitəsilə həyata keçiriləcəyi gözlənilir və birbaşa güc tətbiqi hələlik real görünmür”.

Analitik əlavə edir ki, Rusiyanın seçki dövründə kobud müdaxilə taktikasına əl atması inandırıcı deyil:

“Çünki Moskva daha əvvəl oxşar situasiyaları Ukrayna və Gürcüstan təcrübəsində yaşamış, lakin tətbiq olunan sərt metodlar gözlənilən nəticəni verməmişdir. Bundan başqa, Ermənistanda Rusiyanın əsas dayağı məğlub siyasi qüvvələrlə məhdudlaşır və bu resurslar həlledici təsir imkanına malik deyil. Həmçinin 102-ci hərbi bazanın daxili siyasi proseslərə cəlb edilməsi məntiqsiz addım olardı.

Bununla belə, Rusiya Ermənistanı tamamilə itirmək niyyətində deyil. Bu baxımdan ehtimal olunur ki, əsas təzyiq mexanizmləri seçkilərdən sonra daha aktiv şəkildə işə düşəcək. Bu təzyiqlər ilk növbədə sosial-iqtisadi sahədə özünü göstərə bilər. Belə ki, Moskva mövcud problemləri dərinləşdirərək cəmiyyətdə narazılığı artırmaq və hakimiyyətə qarşı yönləndirmək strategiyasına üstünlük verə bilər.

Rusiyanın əlində kifayət qədər təsir rıçaqları mövcuddur. Ermənistanın dəmir yolu infrastrukturu, elektrik paylama şəbəkəsi, qaz sistemi və sərhəd təhlükəsizliyi sahələri hələ də ciddi şəkildə Rusiyadan asılıdır. Bu səbəbdən seçki dövründə deyil, daha çox sonrakı mərhələdə Moskvanın daha sərt iqtisadi və siyasi təzyiq alətlərindən istifadə etməsi ehtimalı yüksəkdir”.

//Gülnarə Abasova, Editor.az