Valideyn müdaxiləsi həddi aşır?-Ekspertdən sərt açıqlamabackend

Valideyn müdaxiləsi həddi aşır?-Ekspertdən sərt açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir təhsil mühiti cəmiyyətin ümumi inkişaf dinamikası ilə sıx bağlı şəkildə formalaşır və bu prosesdə müəllim–şagird–valideyn münasibətlərinin mahiyyəti də yeni çalarlar qazanır. Əvvəlki dövrlərdə daha çox ənənəvi yanaşmalar üstünlük təşkil edirdisə, hazırda informasiya mühitinin genişlənməsi, sosial təsirlərin artması və fərdi hüquqlara həssaslığın yüksəlməsi təhsil iştirakçıları arasında münasibətlərin yenidən qiymətləndirilməsini zəruri edir. Bu baxımdan məsələni yalnız bir tərəfin məsuliyyəti kimi deyil, bütöv sistemin transformasiyası kontekstində dəyərləndirmək daha doğru yanaşmadır.

Təhsil eksperti Elçin Əfəndi Editor.az-a açıqlamasında qeyd edib ki, əvvəlki dövrlə müqayisədə müasir mərhələdə formalaşan yeni trendlər və yanaşmalar, xüsusilə informasiya texnologiyalarının inkişafı, sosial platformaların geniş yayılması və müxtəlif rəqəmsal oyunların təsiri həm şagirdlərin, həm də valideynlərin davranış və münasibətlərində ciddi dəyişikliklərə səbəb olub:

 

“Əvvəllər müəllim şagirddə müşahidə olunan hər hansı çatışmazlığı dərhal valideynin diqqətinə çatdırır və problemin həlli üçün birgə addımlar atılırdı. Hazırda isə müəllim şagirdlə bağlı fikir bildirdikdə bəzi valideynlər tərəfindən etirazla qarşılanır, hətta müəllimə qarşı aqressiv münasibət sərgilənir. Bu yanaşma düzgün hesab edilmir. Əgər müəllim uşağın yalnız akademik biliklərinin deyil, eyni zamanda tərbiyəsinin formalaşmasında da iştirak edirsə, bu halda ona dəstək göstərilməsi və əməkdaşlığın gücləndirilməsi vacibdir.

 

Mövcud şəraitdə müəllimlərin üzərində ictimai və sosial təzyiq artıb, bu isə onların sərbəst mövqe ifadə etməsini çətinləşdirir. Bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri kimi repetitorluq fəaliyyətinin genişlənməsi göstərilir. Belə ki, əlavə tədris xidmətləri müəllimləri müəyyən mənada valideynlərdən asılı vəziyyətə salır və bəzi valideynlər ödəniş etdiklərinə görə müəllimin bütün tələblərinə uyğun davranmalı olduğunu düşünürlər. Bu yanaşma isə pedaqoji münasibətlərin sağlam qurulmasına mane olur.

Nəticə etibarilə, problemin əsas səbəblərindən biri valideyn yanaşması ilə bağlıdır. Mövcud çətinliklərin aradan qaldırılması üçün isə Elm və Təhsil Nazirliyinin təqdim etdiyi imkanlardan səmərəli istifadə olunmalı, təhsil mühitində qarşılıqlı anlayış və əməkdaşlıq gücləndirilməlidir”.

//Gülnarə Abasova, Editor.az