“Rusiya onlardan birini hakimiyyətə gətirə və savaşı başlada bilər” – şok açıqlamabackend

“Rusiya onlardan birini hakimiyyətə gətirə və savaşı başlada bilər” – şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda gələn ayın 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca regionda sabitliklə bağlı narahatlığı artırır.

Son olaraq, hakim Mülki Müqavilə Partiyasından olan deputat Qagik Melkonyan dedikləri şok effekt yaradıb. O bildirib ki, Robert Köçəryan, Qagik Sarukyan və ya Samvel Karapetyanın hakimiyyətə gəlişində maraqlı olan Rusiya, yeni müharibədə də maraqlıdır. Deputatın sözlərinə görə, Serj Sərkisyan və Robert Köçəryanın hakimiyyətlərindən sonra müharibə təhlükəsi aradan qalxıb.

Paşinyan Karapetyanla Köçəryanı geridə qoydu

Onun səsləndirdiyi bu fikirlər isə daha çox diqqətləri çəkib:

“Rusiya öz məqsədləri naminə Ermənistanı qonşu ölkələrlə düşmən edib. Ermənistan liderləri düşünürdülər ki, Rusiya bizim “atamızdır”. Amma artıq bu “atalıq” bitir. Medvedyev bütün günü içib bu barədə danışır. Əgər bizim üzümüzü görmək istəmirlərsə, qoy görməsinlər, ticarət etmək istəmirlərsə, qoy etməsinlər. Onlar bizim əyalət olmağımız və boyunduruq altında qalmağımız üçün Rusiya uğrunda vuruşurlar. Əgər Robert Köçəryan, Samvel Karapetyan və ya Qagik Sarukyan hakimiyyətə gəlsə, Rusiya yenidən Ermənistan və Azərbaycan arasında müharibə başladacaq”.

Adları çəkilən siyasi fiqurların hakimiyyətə gəlişi müharibə riskini artıra bilərmi?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında hazırda Ermənistanda iki fərqli qütbün bir-biriylə qorxu içərisində savaş apardığını qeyd etdi:

“Ermənistanda seçki yaxınlaşdıqca siyasi dilin sərtləşməsi normaldır. Amma bu dəfə məsələ təkcə seçki ritorikası deyil. İrəvanda artıq hakimiyyət uğrunda yox, Ermənistanın hansı güc mərkəzinin nəzarətində qalacağı uğrunda savaş gedir. Qagik Melkonyanın açıqlamaları da bunu göstərir. Onun “Köçəryan və ya Karapetyan gəlsə, Rusiya yenidən müharibə başladacaq” fikri əslində siyasi xəbərdarlıqdan çox qorxu üzərindən qurulan seçki texnikasıdır. Paşinyan komandası cəmiyyətə demək istəyir ki, biz getsək, ölkədə yenidən xaos başlayacaq. Çünki hakimiyyət artıq insanlara nə ciddi iqtisadi uğur göstərə, nə də təhlükəsizliklə bağlı inam verə bilir. Görünən odur ki, hal hazırda əllərində qalan əsas silah qorxudur. Deyilənlərə baxmayaraq, nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmaq görüntüsü yaratsa da, ölkə hələ də Moskvanın təhlükəsizlik və iqtisadi təsirindən tam çıxa bilməyib. Bunu İrəvanda hamı bilir. Ona görə də Rusiya ilə olan dövr bitdi kimi açıqlamalar daha çox Qərbə yönəlik mesaj xarakteri daşıyır. Digər tərəfdən, Köçəryan komandası da cəmiyyətə təhlükəsiz alternativ təqdim etmir. Onların da mesajı belə bir kontekstdədir. “Qərb sizi qorumayacaq, yenə Rusiyaya geri dönüş etmək lazımdır”. Yəni biri qorxu ilə Qərbə yaxınlaşmağa çalışır, digəri qorxu ilə yenidən Rusiyaya bağlanmaq istəyir. Problem odur ki, Ermənistanda artıq siyasət ideologiya üzərindən getmir”.

Deputat Sona Əliyeva: \

Siyasi təhlilçi bir vacib məsələni də qabartdı:

“Söhbət hansı xarici gücün ölkəyə daha çox təsir edəcəyindən gedir. Ermənistan isə bu savaşın ortasında öz dövlət iradəsini itirir. Bir məsələni də düzgün anlamaq lazımdır. Rusiya Ermənistan naminə Azərbaycanla böyük savaşa girmək fikrində deyil. Kreml hər zaman emosiyalarla yox, maraqlarla hərəkət edir. Moskva üçün əsas məsələ Ermənistanı qorumaq yox, regionda təsir imkanlarını saxlamaqdır. Lazım gəlsə gərginlikdən istifadə edər, lazım gəlsə “sülh” mesajları verər. Ona görə də burada söhbət Rusiyanın müharibə həvəsindən yox, bölgədə nəzarət olunan gərginlik mexanizmini əlində saxlamaq istəyindən gedir. Əslində bu gün Ermənistanın əsas faciəsi də budur. Ölkə Rusiyadan tam uzaqlaşa bilmir, Qərbə isə tam yaxınlaşa bilmir. Ortada real təhlükəsizlik modeli də yoxdur. Müharibə qorxusu isə həm hakimiyyətin, həm də müxalifətin cəmiyyəti idarə etmək üçün istifadə etdiyi ən rahat siyasi silaha çevrilib”.

Musavat.com