Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan Dialoqu-2026” forumunda çıxışı zamanı Ermənistan və Türkiyə arasındakı münasibətlərə toxunub.
Musavat.com xəbər verir ki, nazir İrəvan və Ankaranın diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması istiqamətində qarşılıqlı hazır olduqlarını təsdiqləyib.
Mirzoyanın sözlərinə görə, tərəflər ilk mərhələdə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılığa gəliblər.
XİN rəhbəri Türkiyə ilə dialoqun müsbət məcrada inkişaf etdiyini vurğulayıb.
O qeyd edib ki, artıq sərhəddəki Ani körpüsünün birgə bərpası haqqında memorandum imzalanıb və birbaşa aviareyslər bərpa edilib.
Lakin buna baxmayaraq, quru sərhədləri hələ də bağlı qalmaqdadır. Nazir əlavə edib ki, əldə olunmuş razılaşmaların bir hissəsi artıq icra olunub, digərləri isə hazırda hazırlıq mərhələsindədir.

