Estoniyanın Müdafiə naziri Hanno Pevkur ölkənin müdafiə sektorunda aparılan dövlət auditi və Ukraynaya sursat tədarükü ilə bağlı yaranmış qalmaqal fonunda istefa verəcəyini açıqlayıb.
Pevkur Müdafiə nazirliyinin tabeliyində olan sahələr üzrə siyasi məsuliyyəti üzərinə götürdüyünü bildirib. O, baş nazirin yeni müdafiə naziri təyin etməli olduğunu deyib.
Qalmaqal Estoniyanın Ukrayna üçün artilleriya mərmiləri almaq məqsədilə Hindistan şirkətlərinə 70 milyon avro avans ödəməsi ilə bağlıdır. Bildirilir ki, həmin şirkətlər daha əvvəl heç bir sursat tədarük etməyib.
Pevkur müqavilələri şəxsən oxumadığını, lakin sənədlərin Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzi tərəfindən ona təqdim edildiyini təsdiqləyib. O, auditin nəticələrinin müdafiə sahəsində siyasi məsuliyyət məsələsini gündəmə gətirdiyini vurğulayıb.
Qeyd edək ki, Hanno Pevkur 2022-ci ildən Estoniyanın müdafiə naziri vəzifəsini tutur.
//Samir Qurbanov, Editor.az

