Yay aylarında bir çox insanın qarşılaşdığı ayaq şişkinliyi əksər hallarda orqanizmin isti havaya verdiyi təbii reaksiyalardan biri hesab olunur.
Editor.az-ın məıumatına görə, Rusiyalı həkim Yaroslav Gurin bildirib ki, yüksək temperatur damarların genişlənməsinə səbəb olur və nəticədə qan əsasən aşağı ətraflarda toplanır.
Mütəxəssisin sözlərinə görə, normal şəraitdə venalarda yerləşən xüsusi qapaqcıqlar qanın geriyə axmasının qarşısını alır. Lakin isti hava damar divarlarını boşaltdığı üçün həmin qapaqlar tam bağlana bilmir. Bu isə qanın ayaqlarda yığılmasına və mayenin toxumalara sızmasına gətirib çıxarır.
Həkim qeyd edib ki, yay mövsümündə insanların daha az hərəkət etməsi, çox tərləmə nəticəsində maye balansının pozulması və uzun müddət ayaqüstə qalmaq da şişkinliyi artıran əsas amillər sırasındadır. Onun fikrincə, limfa sistemi artıq mayeni tam şəkildə xaric edə bilmədikdə ayaqlarda ağırlıq və şişkinlik hissi yaranır.
Yaroslav Gurin problemin qarşısını almaq üçün bir sıra tövsiyələr də verib. O bildirib ki, gün ərzində ayaqları müəyyən müddət ürək səviyyəsindən yuxarı vəziyyətdə saxlamaq qan dövranını yaxşılaşdırır. Eyni zamanda kontrast duş qəbul etmək, kifayət qədər su içmək və rahat geyim seçmək də faydalıdır.
Həkim xüsusilə dar cins şalvarların, sintetik parçaların və kapron corabların limfa dövranını zəiflədə biləcəyini vurğulayıb. Buna görə də yay aylarında pambıq parçadan hazırlanmış, bədəni sıxmayan geyimlərə üstünlük verilməsi tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, uzun müddət ayaqüstə çalışan şəxslər üçün birinci dərəcəli kompression corablardan istifadə də şişkinliyin azalmasına kömək edə bilər.
//Gülnarə Abasova, Editor.az


