Paşinyanın qələbəsi Azərbaycan üçün təhlükədirmi? – Ermənistanda seçki öncəsi kritik ssenarilərbackend

Paşinyanın qələbəsi Azərbaycan üçün təhlükədirmi? – Ermənistanda seçki öncəsi kritik ssenarilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri təkcə bu ölkənin daxili siyasi balansı baxımından deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik və sülh gündəliyinin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıyır. Seçkilərin nəticəsi xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin perspektivi, regionda revanşist meyillərin güclənib-güclənməyəcəyi və sülh prosesinin davamlılığı kontekstində diqqətlə izlənilir. Mövcud siyasi mənzərə fonunda ekspertlər hesab edirlər ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin Azərbaycana münasibətdə fərqli yanaşmaları regionun gələcək geosiyasi reallıqlarına birbaşa təsir göstərə bilər.

Politoloq Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələrin mövqeyi və niyyətləri artıq tam aydın görünür:

 

“Paşinyanın Azərbaycanla bağlı strategiyası da açıq şəkildə bəllidir. Müxalifətin də Azərbaycana münasibətdə hansı niyyətlərlə çıxış etdiyi məlumdur. Baxmayaraq ki, müxalifət seçkilərdən sonra Azərbaycanla sülh şəraitində yaşamaq istədiyini bəyan edir, onların əsl siyasi məqsədləri hər kəsə bəllidir.

Hazırkı şəraitdə Ermənistandakı siyasi qüvvələr arasında yalnız Paşinyanın Azərbaycanla sülh gündəminə ən azı yaxın bir neçə il üçün müəyyən qədər səmimi yanaşdığına inanmaq mümkündür. Bu baxımdan onun seçkilərdə qələbə qazanması Azərbaycan üçün təhlükəsizlik riski yaratmır. Əksinə, Paşinyan yaxşı anlayır ki, həm öz hakimiyyətinin davamlılığı, həm də Ermənistanın daxili sabitliyi Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Buna görə də onun hakimiyyətdə qalması Azərbaycanda ciddi narahatlıq doğurmur. Açıq demək lazımdır ki, Paşinyan Ermənistan siyasi dairələri içərisində ölkəsinin inkişafı naminə ən realist və praqmatik mövqe nümayiş etdirən siyasətçilərdən biridir.

Aydındır ki, Ermənistan dövlətinin inkişafı üçün ən rasional yol da məhz Azərbaycanla sülh münasibətlərinin qurulmasından keçir. Bu səbəbdən Paşinyanın seçkilərdə qalib gəlməsi Azərbaycanın bölgədə davamlı sülh strategiyası ilə də uzlaşır. Lakin Ermənistanın digər siyasi qüvvələri barədə eyni fikirləri söyləmək çətindir. Mövcud müxalifətin siyasi xəttində sülh gündəliyi sabit və etibarlı görünmür. Onlar istənilən vaxt bu mövqelərini dəyişə bilərlər. Çünki Ermənistan müxalifəti həm revanşist düşüncəyə malikdir, həm də uzun illər siyasi fəaliyyətini Kremlin siyasi metodologiyası əsasında formalaşdırıb”.

Politoloqun sözlərinə görə, məhz buna görə də Ermənistan müxalifətinin hakimiyyətə gələcəyi halda hansı siyasi və geosiyasi taktikalara üstünlük verəcəyini onların özündən daha çox, arxalarında dayanan xarici qüvvələr müəyyənləşdirəcək. Bu qüvvələrin başında isə ilk növbədə Kreml və Rusiya hakimiyyəti dayanır:

“Nəzərə almaq lazımdır ki, Rusiyanın Azərbaycana münasibəti hazırda tam şəffaf və birmənalı deyil. Çünki Moskvanın Azərbaycanın tam suverenliyi ilə üst-üstə düşməyən müəyyən yanaşmaları mövcuddur. Belə bir şəraitdə Ermənistanda Kremlə bağlı revanşist qüvvələrin hakimiyyətə gəlməsi gələcəkdə onların Rusiyanın əlində Azərbaycana qarşı təzyiq alətinə çevrilməsi ehtimalını qoruyub saxlayır.

Əgər nəzəri baxımdan müxalifətin seçkilərdə qələbəsini düşünsək, bu halda həmin qüvvələrin gələcəkdə Rusiyanın regional maraqları naminə Azərbaycana qarşı istifadə olunması tam real ssenari hesab edilə bilər. Bu proses dərhal baş verməyə də bilər, 5 ildən sonra, yaxud 10 ildən sonra reallaşa bilər. Ancaq istənilən halda Ermənistan müxalifətinin hakimiyyətə gəlməsi Paşinyandan fərqli olaraq bölgədə sülh və sabitlik üçün ciddi risklər yaradan perspektiv hesab olunur. Bu gün erməni cəmiyyəti faktiki olaraq sülh və ya revanşizm arasında seçim qarşısındadır”.

//Gülnarə Abasova, Editor.az