Kolumbiyada 13 yaşlı futbolçu Kristian Fabian Rondon Mendes küçə quldurlarının amansız hücumu nəticəsində həyatını itirib.
Oxu.Az “Need To Know” nəşrinə istinadən xəbər verir ki, bu dəhşətli hadisə Pyedekuesta şəhərində qeydə alınıb.
İki naməlum şəxs dostu ilə birgə məşqdən qayıdan məktəblinin qarşısını kəsərək, onun sinəsinə bıçaq zərbəsi endirib. Məlumata görə, cinayətkarlar qanlı hücumdan əvvəl yeniyetməyə onun “bu ərazidən olmadığını” deyiblər.
Yeniyetməyə ağır xəsarət yetirdikdən sonra təcavüzkarlar motosikletlərə əyləşərək hadisə yerindən qaçıblar.
Hadisə şahidləri dərhal əraziyə təcili tibbi yardım çağırıblar. Həkimlər Mendesi xəstəxanaya çatdırsalar da, gənc idmançının həyatını xilas etmək mümkün olmayıb.
Məktəbli yerli “Sportinq” klubunun gənclər heyətində çıxış edib və əsl futbol vunderkindi hesab olunub. Yeniyetmənin anasının sözlərinə görə, oğlunun bütün həyatı yalnız futbolla bağlı olub. Gənc idmançının ən böyük arzusu 15 dəfə ölkə çempionu adını qazanmış Kali şəhərinin “Amerika” klubunda forma geyinmək olub.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən cinayətkarların axtarışı davam edir. Rəsmilər onların yerini bildirən şəxslərə 15 milyon Kolumbiya pesosu məbləğində mükafat vəd ediblər.


