Gürcüstanla Avropa İttifaqı arasında son dövrdə müşahidə olunan siyasi gərginlik Tbilisinin xarici siyasət kursu ilə bağlı ciddi suallar doğurur. Hakimiyyətin Qərbə yönəlik sərt ritorikası bir tərəfdən daxili siyasi auditoriyaya hesablanmış mesaj təsiri bağışlasa da, digər tərəfdən ölkənin avrointeqrasiya perspektivlərinə mənfi təsir göstərə biləcək amil kimi qiymətləndirilir. Xüsusilə demokratiya, insan hüquqları və siyasi institutların fəaliyyəti ilə bağlı qərarlar Brüssel-Tbilisi münasibətlərində əsas müzakirə mövzularından birinə çevrilib.
Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi əsasən Gürcüstan hakimiyyətinin son dövrdə atdığı siyasi addımlarla bağlıdır:

“Xarici agentlər, qeyri-hökumət təşkilatları və müxalifətlə bağlı qəbul edilən sərt qanunlar Avropa İttifaqının Gürcüstan hökumətinə qarşı daha prinsipial mövqe sərgiləməsinə səbəb olur. Hazırda Gürcüstanın ənənəvi avrointeqrasiya siyasətindən müəyyən qədər uzaqlaşdığı, daha çox balanslaşdırılmış və Rusiyaya yaxın xətt aparmağa çalışdığı müşahidə edilir. Bu da təbii olaraq Aİ ilə münasibətlərdə gərginliyi artırır.
Hesab etmirəm ki, Avropa İttifaqının mövqeyi tam şəkildə qərəzlidir. Müəyyən hallarda Brüsselin qeyri-konstruktiv yanaşması ola bilər, lakin ümumi mənzərədə Aİ-nin Gürcüstana münasibəti daha çox obyektiv siyasi meyarlara əsaslanır. Çünki insan hüquqları, demokratiya, fikir və söz azadlığı kimi prinsiplər Avropa İttifaqı üçün əsas prioritetlərdəndir. Gürcüstan bu istiqamətdə əvvəlki illərdə ciddi irəliləyiş əldə etmişdi. Lakin hakim “Gürcü Arzusu” partiyası və onun lideri Bidzina İvanişvilinin son siyasi kursu daha sərt idarəçilik modelinə üstünlük verir.
Rəsmi səviyyədə avrointeqrasiya və Aİ-yə üzvlük hədəfi bəyan olunsa da, praktiki siyasətdə bunun əksinə yönələn addımlar atılır. Bu səbəbdən yaxın perspektivdə Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin normallaşması real görünmür”.
//Gülnarə Abasova, Editor.az


