Norveçdə yaşı 16-dan az olanların sosial şəbəkələrə girişi QADAĞAN EDİLİRbackend

Norveçdə yaşı 16-dan az olanların sosial şəbəkələrə girişi QADAĞAN EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç hökuməti bu ilin sonunadək 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qanun layihəsini parlamentə təqdim edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Biz bu qanun layihəsini irəli sürürük, çünki uşaqların öz dünyalarını yaşamasını istəyirik. Oyunlar, dostluq əlaqələri və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən əvəz edilməməlidir. Bu, uşaqların rəqəmsal həyatının qorunması baxımından çox mühüm bir addımdır”, -deyə Norveçin Baş naziri Yonas Qar Stere bildirib.

Hökumət konkret olaraq hansı tətbiqlərin qadağaya məruz qalacağını hələlik açıqlamayıb. Bununla belə, istifadəçilərin yaşının yoxlanılması məsuliyyətinin bilavasitə texnologiya şirkətlərinin üzərinə düşəcəyi məlumdur.

Qanun layihəsinin 2026-cı ilin sonuna qədər parlamentin müzakirəsinə çıxarılması planlaşdırılır.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Avstraliyada 16 yaşdan kiçik yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qüvvəyə minib. Qaydalara əsasən, platformalar bu yaşa çatmayan uşaqlar tərəfindən hesabların yaradılmasının və idarə olunmasının qarşısını alan xüsusi mexanizmlər tətbiq etməli idilər.

2026-cı ilin fevral ayında İspaniyanın baş naziri Pedro Sançes də 16 yaşa qədər yeniyetmələr üçün analoji qadağanın tətbiq edilməsi planlarını elan edib. Elə həmin ay Litva parlamentinin deputatı Dayva Ulbinayte yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışının qanunvericilik səviyyəsində məhdudlaşdırılmasını və yaşın yoxlanılması öhdəliyinin platformalara həvalə edilməsini təklif edib.

Fevralda “The Times” qəzeti Böyük Britaniyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin elə bu il qadağan oluna biləcəyi barədə məlumat yayıb. Ölkə rəhbərliyi gələn yay ictimai müzakirələr başa çatdıqdan dərhal sonra müvafiq məhdudiyyətləri tətbiq edəcəyinə söz verib.