Ermənistanda keçmiş hakimiyyət nümayəndələri ətrafında baş verən son proseslər yalnız ölkədaxili siyasi qarşıdurma kontekstində deyil, eyni zamanda Cənubi Qafqazda gedən geosiyasi proseslər fonunda da diqqət çəkir. Xüsusilə Ermənistanın xarici siyasət kursunda baş verən dəyişikliklər, Rusiya ilə münasibətlərdə yaranmış ziddiyyətlər və Azərbaycanla sülh gündəliyinin taleyi fonunda bu həbslər və istintaq tədbirləri daha geniş siyasi çərçivədə qiymətləndirilir. Məsələnin hüquqi müstəvidə araşdırılması ilə yanaşı, proseslərin Ermənistanın daxili siyasi balansına, revanşist qüvvələrin mövqeyinə və Azərbaycan-Ermənistan münasibətlərində davam edən sülh prosesinə mümkün təsirləri də xüsusi əhəmiyyət daşıyır.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Robert Köçəryan və Serj Sarkisyan ətrafında baş verən hadisələr, təbii ki, çoxvektorludur:

“Birincisi, hakimiyyət, yəni Paşinyan hakimiyyəti bu iki hərbi cinayətkarla bağlı ciddi faktlar üzərindən cinayət araşdırması başlayıb. Yəni korrupsiya, dövlət mülkiyyətinin ələ keçirilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. bu kimi faktlar mövcuddur və bu faktlar əsasında da cinayət işi başlanılıb. Yəni hüquqi baxımdan elə bir ciddi problem yoxdur, və bu iki hərbi cinayətkar — yəni Robert Köçəryan və Serj Sarkisyan, eləcə də bunların üçüncü ayağı olan erməni kilsəsinin rəhbəri, Katolikos haqqında da cinayət işi mövcuddur.
Yəni bu üç şəxsin hədəfə alınması həm də Ermənistanın maraqları baxımından böyük önəm daşıyır. Çünki bu üç şəxsin hər birisi Rusiyanın agentura şəbəkəsinin Ermənistandakı əsas təmsilçiləridir. Kremldən təlimatlar alaraq fəaliyyət göstərirlər və Ermənistanın Rusiyanın orbitində qalmasının əsas aparıcı fiqurlarıdır.
Yəni burada Paşinyan hakimiyyətinin əsas hədəflərindən biri Ermənistanın Qərbə doğru yaxınlaşma prosesinə əngəl törədə biləcək şəxslərin sıradan çıxarılması və onların yaxın ətrafının zəiflədilməsidir. Əks halda bu qüvvələr, o cümlədən terror yuvası olan erməni kilsəsi, eyni zamanda keçmiş prezidentlər olan Robert Köçəryan və Serj Sarkisyan — bu iki hərbi cinayətkar öz ətrafındakı siyasi qüvvələrlə Ermənistanın Qərbə yaxınlaşma prosesinə əngəl törədə bilərlər ki, bu istiqamətdə də müəyyən addımlar atmağa çalışırdılar”.
Politoloqun sözlərinə görə, bu iki şəxs Rusiyanın təlimatı ilə Azərbaycan və Ermənistan arasındakı sülh prosesini də pozmağa çalışırdılar:
“Xüsusilə də Ermənistan Konstitusiyasındakı dəyişikliklərlə bağlı referendumun keçirilməsinə müqavimət göstərirdilər.
Yəni bu baxımdan da hesab eləmək olar ki, Paşinyan hakimiyyəti bu iki cinayətkarı və erməni kilsəsinin rəhbərini küncə sıxışdırmaqla, faktiki olaraq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasının önünü də açmağa çalışır. Yəni bu məsələdə iki əsas hədəf mövcuddur: Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyanın Ermənistana təsirini zəiflətməyə çalışır, ona görə də Kremlin Ermənistandakı agentura şəbəkəsinin rəhbərlərini sıradan çıxarır. Diqqət tərəfdən də yenə də Rusiyanın maraqlarına cavab verməyən sülh prosesini əngəlləmək niyyətində olan qüvvələri sıradan çıxarır. Yəni erməni kilsəsini və iki hərbi cinayətkar — Köçəryan və Sarkisyanı həbsxanaya doğru sürükləməklə, faktiki olaraq, konstitusiya dəyişikliklərinin önünü açır və bununla da həm də Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısındakı əsas əngəlləri təmizləmiş olur”.
// Gülnarə Abasova, Editor.az

