Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin liderləri Ermənistanla bağlı bəyanat qəbul ediblər, məlumata görə, sənəd yaxın vaxtlarda dərc olunacaq.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın Aİİ-də gələcək iştirakı məsələsinin müzakirə olunacağını açıqlamışdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın təşkilatın mayın 29-da baş tutan iclasına qatılmayıb, həmçinin Avropa İttifaqı ilə yaxınlaşma da Moskva və İrəvan arasında gərginliyin artmasına səbəb olub.
Ermənistanın təşkilatdan ya çıxacağı, ya da kənarlaşdırıla biləcəyinə dair fikirlər səsləndirilir.
Editor.az xəbər verir ki, bu barədə Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə danışıb. O deyib ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında seçki kampaniyasına görə iştirak edə bilmir:
“Ermənistanla Rusiya arasında münasibətlər sistemində ciddi problemlər yaranıb. Kreml Paşinyanın seçilməməsi üçün çalışır, hətta bu ölkəyə iqtisadi sanksiyalar da tətbiq edə bilər. Hazırda Ermənistandan idxal edilən kənd təsərrüfatı mallarına qadağalar tətbiq olunur.
Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma prosesinə cavab olaraq Aİİ-nin iclasında bu ölkənin iştirakı məsələsini qaldırdı. İttifaq daxilində ticarət güzəştli şərtlərlə həyata keçirilir. Rusiya istəyir ki, bu güzəştlər ləğv edilsin.
İrəvan isə Moskvanın orbitindən uzaqlaşmağa çalışır. Bu xüsusda iki ölkə arasında gərgin siyasi münasibətlər hökm sürür. Hesab edirəm ki, Nikol Paşinyan seçkilərdə qələbə qazanarsa, Rusiya Ermənistanla işləyəcək. Hazırda isə Rusiya çalışır ki, seçkilərdə xalqın iradəsinə təsir etsin və Paşinyana səs verilməsin. Fikrimcə, Aİİ-də Ermənistanın baş nazir səviyyəsində iştirak etməməsi Moskvanın bu ölkəyə təzyiqini artıracaq”.


