Alimlər müəyyən edib: yaşlı insanlar istiyə uşaqlardan daha yaxşı dözürbackend

Alimlər müəyyən edib: yaşlı insanlar istiyə uşaqlardan daha yaxşı dözür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, 10 yaşadək uşaqlar ekstremal istinin dağıdıcı təsiri ilə yaşlı insanlardan təxminən üç dəfə daha çox qarşılaşırlar.

Editor.az xəbər verir ki, Oksford Universitetinin alimləri və onların həmkarlarının apardığı genişmiqyaslı araşdırmanın nəticələri Science Advances jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, qlobal istiləşmə gənc nəsilə qeyri-mütənasib dərəcədə ağır təsir göstərir. Alimlər araşdırma zamanı yüksək temperaturun güclü rütubətlə birləşdiyi və insan orqanizmi üçün xüsusilə təhlükəli hesab olunan “rütubətli istilik” hadisəsini təhlil ediblər. Belə şəraitdə tərin dəridən buxarlanması əhəmiyyətli dərəcədə yavaşlayır, nəticədə orqanizmin təbii soyutma mexanizmi zəifləyir və istilik vurması riski kəskin artır.

Demoqrafik göstəriciləri iqlim modelləri ilə müqayisə edən alimlər müəyyən ediblər ki, hazırda 0-9 yaş arası uşaqlar ildə orta hesabla 9-10 gün daha çox təhlükəli rütubətli istiyə məruz qalırlar. 60-69 yaş qrupundakı insanlarla müqayisədə bu fərq xüsusilə nəzərəçarpandır. Tədqiqatçıların hesablamalarına görə, dünyada təxminən 583 milyon uşaq hər il insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən ən azı 20 əlavə ekstremal hava hadisəsi ilə üzləşir.

Alimlər bu fərqin əsas səbəblərindən birinin əhalinin coğrafi bölgüsü olduğunu bildirirlər. Rütubətli istiliyin ən çox artdığı ərazilər əsasən aşağı enliklərdə yerləşən isti ölkələrdir. Buraya Afrika, Cənubi və Cənub-Şərqi Asiya daxildir. Eyni zamanda, dünya əhalisinin ən gənc hissəsi də məhz bu regionlarda yaşayır.

Uşaqların fizioloji xüsusiyyətləri də onların yüksək temperatur qarşısında daha həssas olmasına səbəb olur. Uşaqlarda tərləmə qabiliyyəti daha aşağıdır və bədən səthinin kütləyə nisbəti daha yüksəkdir. Buna görə onların orqanizmi isti havada daha sürətlə qıza bilir.

Mütəxəssislər vurğulayırlar ki, anomal hava şəraitinin təhlükəsi yalnız istilik vurması ilə məhdudlaşmır. İnkişaf etməkdə olan ölkələrdə yüksək temperatur təmiz su və ərzağa çıxışla bağlı problemləri daha da ağırlaşdıra, həmçinin bağırsaq infeksiyalarının və həşəratlarla yayılan xəstəliklərin genişlənməsinə şərait yarada bilər.

Tədqiqat müəlliflərinin fikrincə, dünya ictimaiyyəti qlobal istiləşməni 150 il ərzində 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdıra bilsə belə, uşaqlar iqlim dəyişikliklərinin təsirlərini böyüklərlə müqayisədə qeyri-mütənasib şəkildə daha çox hiss etməyə davam edəcəklər.

Alimlər planetin xüsusilə həssas regionlarında istilərlə bağlı erkən xəbərdarlıq sistemlərinin təcili tətbiqinə və yeni iqlim şəraitinə uyğunlaşdırılmış infrastrukturun yaradılmasına çağırırlar.

//Gülnarə Abasova, Editor.az