Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında səfərbərlik üzrə yaş həddinin dəyişdirilməsi məsələsi müzakirə edilir.
Təkliflər arasında 50 və ya 55 yaşdan yuxarı vətəndaşların səfərbərliyə cəlb edilməsinin məhdudlaşdırılması variantı da var.
Editor.az xəbər verir ki, bu barədə Ali Radanın milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin katibi Roman Kostenko “Ukrainskaya pravda”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni yanaşma ordunun ehtiyac duyduğu nadir və ya kritik ixtisaslara malik hərbi vəzifəlilərə şamil olunmaya bilər.
Kostenko vurğulayıb ki, məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib və hazırda müxtəlif variantlar nəzərdən keçirilir. O, yaş həddinin yuxarı sərhədinin dəyişdirilməsi üçün qanunvericiliyə düzəliş edilməsinin də zəruri olmaya biləcəyini bildirib.
Eyni zamanda, Ukraynada 25 yaşdan aşağı şəxslərin səfərbərlik yaşına cəlb edilməsi məsələsinin hazırda müzakirə olunmadığı qeyd edilib. Hazırda ölkədə səfərbərlik yaşı 25-60 yaş aralığındadır.
//Samir Qurbanov, Editor.az

