Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİbackend

Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski özünün keçmiş mətbuat katibi Yuliya Mendelə qarşı sanksiya tətbiq edib. Mendel Ukrayna hakimiyyətinin dezinformasiya və Rusiya təbliğatını yaymaqda ittiham etdiyi şəxslərin siyahısına daxil edilib.

Zelenskinin 13 sentyabr tarixində imzaladığı fərmanla ümumilikdə 10 nəfərə qarşı məhdudlaşdırıcı tədbirlər qüvvəyə minib.

Siyahıda həm Rusiya, həm də Ukrayna vətəndaşları yer alıb. Ukrayna tərəfi həmin şəxsləri dezinformasiya yaymaqda, Rusiya təbliğatını dəstəkləməkdə və Rusiyanın Ukraynaya qarşı aqressiv siyasətinə haqq qazandırmaqda ittiham edir.

Yuliya Mendel siyahıdakı yeganə Ukrayna vətəndaşıdır. O, 2019-2021-ci illərdə Volodimir Zelenskinin mətbuat katibi vəzifəsində çalışıb.

Hazırda isə keçmiş rəhbərliyi ilə bağlı tənqidi açıqlamaları ilə diqqət çəkir.

Məlumata görə, Mendelə qarşı tətbiq edilən sanksiyalar 10 il müddətinə qüvvədə olacaq. Məhdudiyyətlərə onun Ukrayna ərazisindəki aktivlərinin bloklanması, müəyyən iqtisadi və maliyyə əməliyyatlarına qadağalar və digər sanksiya tədbirləri daxildir.

Mendel isə qərara münasibət bildirərək sanksiyaların tətbiqini tənqid edib. O, son dövrlərdə Ukrayna ilə Rusiya arasında danışıqların vacibliyini müdafiə edən açıqlamalar verib və Kiyevin gec-tez Moskva ilə danışıqlara başlamalı olacağını bildirib.

Qeyd edək ki, Zelenskinin imzaladığı yeni sanksiya paketləri yalnız ayrı-ayrı şəxslərlə məhdudlaşmır. Eyni gün Rusiyanın “kölgə donanması” ilə əlaqəli 20 gəmi, həmçinin “Rostex”lə bağlı 29 Rusiya vətəndaşı və 29 şirkət də sanksiya siyahısına salınıb.

Beləliklə, Zelenskinin vaxtilə ən yaxın kommunikasiya komandasının üzvü olmuş Mendelin indi Rusiya təbliğatını yaymaqda ittiham edilən şəxslər arasında yer alması Ukrayna daxilində də diqqət çəkən qərarlardan birinə çevrilib.

Musavat.com