Kəlbəcərli şair Səxavət Kəlbəcərli Milli Məclisin deputatı Mircəlil Qasımlının fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.
Editor.az-ın məlumatına görə, Səxavət Kəlbəcərli özünün sosial şəbəkə hesabında yazıb ki, son parlament seçkilərində özü də deputatlığa namizəd olub. Onun sözlərinə görə, seçki kampaniyası zamanı Mircəlil Qasımlının ətrafından namizədliyini onun xeyrinə geri götürməsi ilə bağlı müraciət daxil olub.
Səxavət Kəlbəcərli qeyd edib ki, 2020-ci il seçkilərində olduğu kimi, bu dəfə də namizədliyini geri götürməyib:
“Çünki mənim üçün deputatlıq şəxsi maraq deyil, xalq qarşısında məsuliyyətdir. Namizədliyimi irəli sürmüşəmsə, seçicilər qarşısında sözümü demək və mübarizə aparmaq haqqımdır”.
O, Mircəlil Qasımlının parlamentdə bəzi məsələləri digər deputatların əksəriyyətindən fərqli olaraq gündəmə gətirməsini qeyd edib. Bununla yanaşı, deputatın fəaliyyətinin yalnız parlamentdəki çıxışlarla ölçülməməli olduğunu vurğulayıb.
“Deputat xalqın problemlərini dilə gətirməlidir. Amma əsas məsələ ondan ibarətdir ki, deputat seçicilərin arasında nə qədər görünür və onların problemlərinin həlli üçün hansı konkret addımları atır”, – deyə Kəlbəcərli bildirib.
Şair xüsusilə Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış prosesi fonunda deputatın fəaliyyətinə diqqət çəkib.
“Kəlbəcərin problemləri yalnız parlamentdə bir neçə dəqiqə danışmaqla bitmir. Kəlbəcərdə böyük quruculuq işləri gedir, yeni yaşayış məntəqələri salınır. Bəs deputatın bu proseslərdə rolu nədir? Tikintilərin keyfiyyəti, yollar, sosial obyektlər, insanların problemləri, geri qayıdış prosesi ilə bağlı hansı konkret təşəbbüslər irəli sürülüb?” – deyə Səxavət Kəlbəcərli sual edib.
O bildirib ki, deputat seçicilərin problemlərini yerində öyrənməli, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalı və görülən işlərin nəticəsi barədə seçiciləri məlumatlandırmalıdır.
“Xalqın gözlədiyi yalnız gözəl çıxış deyil. Xalq nəticə istəyir. Deputatın vəzifəsi təkcə parlament zalında oturmaq, səsvermədə iştirak etmək və seçki zamanı insanların qarşısına çıxmaqdan ibarət olmamalıdır. Deputat seçicinin yanında olmalı, problemləri yerində görməli, aidiyyəti qurumların qarşısında məsələ qaldırmalı və nəticəsini xalqla bölüşməlidir”, – deyə o qeyd edib.
Səxavət Kəlbəcərli səsləndirdiyi fikirlərin şəxsi münasibətdən irəli gəlmədiyini də vurğulayıb.
“Mən Kəlbəcərin övladıyam və Kəlbəcərin problemlərinin gündəmdə olmasını istəyirəm. Mənim üçün əsas məsələ deputatın adı deyil, gördüyü işdir”, – deyə o əlavə edib.
Kəlbəcərli hesab edir ki, bölgənin hazırkı quruculuq mərhələsində seçicilərin öz deputatından daha çox fəallıq, təşəbbüs və məsuliyyət gözləməyə haqqı var.
“Xalq deputatını seçir ki, onun səsi olsun. Xalqın səsi olan deputat isə xalqın içində görünməlidir”, – deyə Səxavət Kəlbəcərli bildirib.

