ABŞ Prezidenti Donald Tramp sentyabrın 13-də Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın dizel yanacağı infrastrukturunu hədəfə almağı dayandırmağa çağırıb.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, son aylarda Ukraynanın Rusiyanın neft emalı zavodlarına uzaqmənzilli PUA-larla hücumları ölkənin yanacaq istehsalını azaldıb və Rusiyada benzin qıtlığına səbəb olub.
Rusiya ərazisində müntəzəm olaraq zərbələrə məruz qalan Ukrayna isə neft emalı zavodlarının qanuni hərbi hədəflər olduğunu bildirir.
Yük maşınları, qatarlar, gəmilər və kənd təsərrüfatı texnikası üçün istifadə olunan dizel yanacağının ABŞ üzrə orta qiyməti cümə axşamı ilk dəfə bir qallon (təxminən 3,7 litr – red.) üçün altı dolları keçib. Bu barədə qiymət izləmə xidməti “GasBuddy” məlumat yayıb.
“Cənab Zelenski bir şey etməlidir: o, Rusiyada dizel yanacağını sıradan çıxarmağı dayandırmalıdır”, – deyə Tramp İrlandiyanın qərbində ailəsinə məxsus qolf meydançasında keçirilən İrlandiya Açıq Çempionatına səfəri zamanı jurnalistlərə bildirib.
“Biz bu barədə cənab Zelenski ilə danışdıq. Başqa çoxlu hədəflər var. Dizel yanacağına zərbə vurmayın. Bu, dünyaya zərər verir”, – deyə o bildirib.

