İran və Ermənistan rəsmilərinin Culfa görüşü ilə bağlı ŞOK AÇIQLAMALARFOTObackend

İran və Ermənistan rəsmilərinin Culfa görüşü ilə bağlı ŞOK AÇIQLAMALAR-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Ermənistan gömrük xidmətlərinin rəhbərləri İran İslam Respublikasının Culfa şəhərində görüşüblər.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, tərəflər ticarətin inkişafı və asanlaşdırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd hərəkətinin sürətləndirilməsinə dair bir sıra tədbirlər barədə razılığa gəliblər.

İranın iqtisadiyyat nazirinin müavini və Gömrük Xidmətinin rəhbəri Fərrud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan arasında görüş Culfada baş tutub.

Danışıqların sonunda tərəflər İran Gömrük Xidməti ilə Ermənistan Dövlət Gəlirləri Komitəsi arasında gömrük əməkdaşlığının genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsinə dair protokol layihəsini imzalayıblar. Tərəflər gömrük əməkdaşlığının davam etdirilməsi və inkişafının, eləcə də onun ticarətin və sərhədkeçmənin asanlaşdırılmasındakı rolunun vacibliyini vurğulayıblar. Onlar, həmçinin İran-Ermənistan sərhədində sadələşdirilmiş gömrük “yaşıl dəhliz”inin tətbiq olunması barədə razılığa gəliblər.

WhatsApp Image 2026-09-13 at 16.42.20.jpeg (111 KB)

Xüsusilə, İran və Ermənistan Norduz-Meğri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş gömrük dəhlizinin fəaliyyətə başlaması barədə razılıq əldə ediblər. Bu dəhlizin yaradılması gömrük prosedurlarını sürətləndirməli və yüklərin boş dayanma vaxtını azaltmalıdır.

Əldə olunmuş digər bir razılaşma isə yüklər çatmazdan əvvəl məlumatların elektron mübadiləsinin (Pre-Arrival) gücləndirilməsidir ki, bu da yük avtomobillərinin girişində inzibati prosedurların həcmini azaltmağa imkan verəcək. Tərəflər kağız sənədləri elektron sənədlərlə əvəz etməklə sənəd yoxlanışını da sadələşdirmək barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər sadələşdirilmiş “yaşıl” gömrük dəhlizi haqqında protokol mətninin hazır olduğunu və imzalanmağa tam uyğunluğunu təsdiqləyiblər. Sənəd danışıqlar zamanı hər iki ölkənin gömrük xidmətlərinin rəhbərləri tərəfindən imzalanıb. Bununla yanaşı, sənədin praktiki tətbiq qaydaları və konkret tələbləri mütəxəssislər tərəfindən əlavə olaraq razılaşdırılacaq.

Tərəflər, həmçinin Səlahiyyətli İqtisadi Operatorların (AEO) statusunun qarşılıqlı tanınması haqqında sənədi müzakirə edərək təsdiqləyiblər. Bu status gömrük xidmətlərinin müəyyən etdiyi tələblərə cavab verən seçilmiş şirkətlərə verilir.

Əlavə olaraq, Norduz-Meğri sərhəd-keçid məntəqəsindən birgə istifadə haqqında sazişin müddətinin daha 10 il uzadılması, gömrük məlumatlarının elektron mübadiləsinin (EDI) təmin edilməsi və eyni kommersiya qaiməsi (invoys) üzrə mal daşıyan yük avtomobillərinin birləşdirilməsi barədə də razılıq əldə olunub.

DAHLİZ.jpg (240 KB)

Qeyd edək ki, İrəvanla Tehran arasındakı əlaqələr İrandan Zəngəzur dəhlizi – TRIPP marşrutu ilə bağlı təhdidlərin fonunda intensivləşib.

İran və Ermənistan arasındakı bu əməkdaşlıq nə vəd edir? İrəvanın İranla münasibətləri Zəngəzur dəhlizi ilə bağlı Tehranın təhdidlərini, əngəllərini ortadan qaldırmağa təkan verəcəkmi?

ELXAN.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında xatırladıb ki, torpaqlarımızın işğalı dövründə Ermənistanın qonşu dövlətlərlə iqtisadi və hərbi əməkdaşlığı bizdə ciddi suallar yaradırdı:

“Çünki biz haqlı olaraq işğalçı Ermənistana verilən dəstəyin həmin ölkənin Azərbaycana münasibətinə, həm də bölgədəki maraqlarımıza mənfi təsir etdiyini deyir, yazır, rəsmi səviyyədə açıqlamalar verirdik. Amma indi Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ermənistan hökuməti, baş nazir Nikol Paşinyan Azərbaycanın ərazisini olduğu kimi, Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. İki ölkə arasında iqtisadi və ticarət əlaqələri mövcuddur; biz Ermənistana yanacaq satırıq, bir sıra dövlətlər isə müxtəlif məhsulları Azərbaycan üzərindən Ermənistana çatdırırlar. Odur ki, indi Ermənistanın hansısa dövlətlə, o cümlədən qonşu dövlət olan İranla iqtisadi-ticarət əməkdaşlığı bizdə artıq ciddi suallar yaratmır və buna normal baxırıq”.

Politoloq əlavə edib ki, sadəcə, İranın bu ikili siyasəti diqqət çəkir:

“Bir tərəfdən Ermənistanı ara-sıra hədələyirlər ki, “Siz ABŞ-yə imkan verirsiniz, dəhliz yaradır, oradan amerikalıları gətirirsiniz” və s. Digər tərəfdən isə sərhəddə birgə layihələr həyata keçirirlər. Yəni bu iki məqam bir-birinə sığmır. Mümkündür ki, İranda Prezident Administrasiyası Ermənistanla sərhəddəki gömrük rüsumlarının yumşaldılmasının və birgə layihələrin tərəfdarıdır. Tutaq ki, mühafizəkarlar bununla yanaşı, Ermənistan hakimiyyətinin ABŞ ilə münasibətlərinə də təsir etmək istəyirlər. Ermənistanın başqa dövlətlərlə münasibətlərinə gəldikdə isə hərbi əməkdaşlıq məsələləri, əlbəttə, bizdə hər zaman suallar yaradır. Əgər sülh quruculuğudursa, Ermənistanın silahlanmasına, başqa ölkələrdən raket və digər silahlar almasına ehtiyac yoxdur. Bu məsələlər həmişəki kimi diqqət mərkəzindədir”.