ABŞ və Ukrayna hökumətləri iki ölkə arasında mümkün yeni müdafiə müqaviləsinin şərtlərini əks etdirən memorandum layihəsi hazırlayıblar.
Editor.az xəbər verir ki, “CBS News”un verdiyi məlumata görə, sənəd ABŞ Dövlət Departamenti və Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina tərəfindən hazırlanıb. Memorandum Ukraynanın ABŞ-a hərbi texnologiya ixrac etməsinə və Amerika şirkətləri ilə birlikdə dronlar istehsal etməsinə imkan verəcək müdafiə müqaviləsinin bağlanması istiqamətində ilk addımdır. Media qurumu müqaviləni “tarixi” adlandırıb.
Xatırladaq ki, Ukrayna rəsmiləri ilk dəfə Ağ Evə dron əməkdaşlığı ideyasını 2025-ci ilin avqustunda, ABŞ prezidenti
Donald Trampın SBU-nun “Hörümçək toru” əməliyyatını tərifləməsindən sonra təklif ediblər. Ukrayna rəsmiləri bildiriblər ki, dronlar sahəsində ABŞ ilə əməkdaşlıq qarşılıqlı faydalı olacaq, çünki Amerika maliyyəsi hər iki ölkənin müdafiə istehsalını genişləndirməsinə kömək edəcək. Lakin onlar əlavə ediblər ki, xüsusilə İranda müharibənin başlamasından bəri Müdafiə Nazirliyində və Ağ Evdə yüksək vəzifəli şəxslər tərəfindən razılaşmaya “dəstək çatışmazlığı” hiss edirlər.
//Samir Qurbanov, Editor.az


