Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiya tədbirləri üzərində iş aparır.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkə hesabında məlumat verib.
Kallas bildirib ki, Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini razılaşdırıb və bununla belə, sanksiya siyasətinin davam etdirilməsi nəzərdə tutulur.
“Biz Rusiyaya qarşı 21-ci sanksiya paketini razılaşdırdıq. Lakin sanksiya siyasətinin sonu bu deyil. Artıq növbəti addımlar üzərində işləyirik”, — deyə Kallas qeyd edib.
İyulun 23-də Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin məhdudlaşdırılmış variantını təsdiqləyib. Paketdən Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) dəniz yolu ilə daşınmasına tam qadağa tətbiq edilməsi ilə bağlı müddəa çıxarılıb.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə yeni sanksiya paketinin Rusiyanın maliyyə və enerji sektorlarına təsir etdiyini bildirib.
Bundan əvvəl, iyulun 22-də Politico nəşri Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaların qəbulunda “asan həll yollarını” artıq tükətdiyini yazmışdı. Nəşrin məlumatına görə, bundan sonrakı məhdudlaşdırıcı tədbirlər Aİ-yə üzv ölkələrin maraqlarına daha ciddi şəkildə toxuna bilər.
//Gülnarə Abasova, Editor.az

