Uşağın yad cisim səbəbindən boğulması zamanı təcili tibbi yardım gələnədək düzgün və operativ müdaxilə həyati əhəmiyyət daşıya bilər. Həkim Dinər Xaliullin bu cür hallarda uşağın yaşına uyğun ilk yardım tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
Editor.az bu mövzuda xarici mediaya istinadla yazıb.
Mütəxəssisin sözlərinə görə, bir yaşadək uşaqlarda boğulma zamanı ilk olaraq körpəni üzüaşağı vəziyyətdə, başı bədənindən aşağı olmaqla böyüyün ön qolunun üzərinə yerləşdirmək lazımdır. Bu zaman uşağın başı və boynu mütləq dəstəklənməlidir.
Daha sonra kürək sümüklərinin arasına əlin kənarı ilə beş dəfə kəskin zərbə vurulmalıdır. Yad cisim xaric olmazsa, uşağı ehtiyatla arxası üstə çevirmək və başını yenə bədənindən aşağı vəziyyətdə saxlamaq lazımdır. Ardınca döş qəfəsinin məmə xəttindən bir qədər aşağı hissəsinə iki barmaqla beş dəfə təzyiq göstərilməlidir. Təzyiqin dərinliyi təxminən 2,5–3 santimetr olmalıdır.
Bir yaşdan yuxarı uşaqlarda isə ilkin yardım üsulu fərqlidir. Uşağın arxasında dayanaraq onu önə əymək və daha sonra Heimlix manevrindən istifadə etmək tövsiyə olunur.
Bunun üçün uşağın qarnı hər iki əllə qucaqlanmalı, bir əl yumruq formasında göbəkdən təxminən 2–4 santimetr yuxarı yerləşdirilməli və digər əllə tutulmalıdır. Daha sonra yumruqla içəri və yuxarı istiqamətdə kəskin təkanlar verilməlidir. Bu hərəkətlər uşağın nəfəsi bərpa olunana və ya təcili tibbi yardım briqadası gələnədək davam etdirilə bilər.
Həkim xüsusilə xəbərdarlıq edib ki, Heimlix manevri bir yaşdan kiçik uşaqlarda tətbiq edilməməlidir. Belə müdaxilə körpələrdə daxili orqanların zədələnməsi riskini artıra bilər.
Mütəxəssislər belə hallarda valideynlərin panikaya düşməməsini, uşağın vəziyyətini düzgün qiymətləndirərək mümkün qədər tez təcili tibbi yardım çağırmasını tövsiyə edirlər.
//Gülnarə Abasova, Editor.az

