Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş – İlk dəfə həmin gecədən danışdıbackend

Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş – İlk dəfə həmin gecədən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-İsrail tərəfindən İranın ali lideri Əli Xameneiyə qarşı həyata keçirilən hücum zamanı yaşadıqlarını ilk dəfə açıqlayıb. Əraqçi hücumdan necə sağ çıxdığını, dağıntılar arasından necə çıxarıldığını və sonrakı günlərdə təhlükəsizlik səbəbilə necə gizləndiyini danışıb.

“Qafqazinfo”nun xəbərinə görə, iranlı sənədli film rejissoru Cavad Moquyinin proqramında çıxış edən Əraqçi bildirib ki, hadisə Xamenei Baş Qərargah rəisinin müavini Əli Əsgər Hicaziyə məlumat verərkən qeydə alınıb.

Onun sözlərinə görə, həmin an üç güclü partlayış olub.

“Üçüncü partlayış binamızın, demək olar ki, düz yanında baş verdi. Hicazinin ofisinin yerləşdiyi hissə birbaşa zərbə aldı və binanın sol tərəfi tamamilə dağıldı”, – deyə Əraqçi bildirib.

Nazir partlayışdan sonra yaşanan dəhşətli anları belə təsvir edib: “Biz binanın digər tərəfində idik. Partlayışdan sonra tavan, divarlar və hər şey üzərimizə çökdü. Hicazinin əlindən tutdum və onun kömək çağırışlarını eşidərək, taxta parçalarının və dağıntıların arasından keçdik. Tavandan su damırdı. Hər şey xarabalığa çevrilmişdi. Nəhayət, çıxa bildik”.

Əraqçi bildirib ki, hücum zamanı Hicazinin katibi həyatını itirib, Hicazi və özü isə dağıntılar altından çıxmağa nail olublar.

İran xarici işlər naziri hücumdan sonra da təhlükəsizlik narahatlıqlarının davam etdiyini deyib.

O bildirib ki, şəxsi avtomobili zədələndiyi üçün Xarici İşlər Nazirliyinə yoldan keçən başqa bir avtomobillə gedib.

Əraqçi qeyd edib ki, növbəti hücumların hədəfinə çevrilməmək üçün Tehranda davamlı olaraq yer dəyişdirib.

“Üç gün ərzində administrasiyadakı digər şəxslərlə əlaqə saxlaya bilmədim”, – deyə nazir bildirib.

Əraqçi İsrailin İran rəhbərliyinin yüksəksəviyyəli görüşlərindən xəbərdar olması məsələsinə də toxunub.

O deyib ki, bu, təhlükəsizlik sistemində ciddi boşluqların ola biləcəyini göstərir.

“Bu, ehtimal ki, hələ də mövcud olan təhlükəsizlik zəifliyinə işarə edir. Bu məsələ həll edilməlidir”, – Əraqçi vurğulayıb.

Əraqçi müsahibəsində region ölkələrinin ABŞ Prezidenti Donald Trampa İranla bağlı xəbərdarlıq etdiyini də açıqlayıb.

Onun sözlərinə görə, bəzi ölkələr Vaşinqtonu İranın Venesueladan fərqli olduğunu bildirərək hərbi müdaxilədən çəkinməyə çağırıb.

“İran fərqlidir. İranın güvəndiyi güc min illər boyu davam edən bir sivilizasiyadır. Bu güc şiə düşüncəsi və şəhidlik inancı ilə qarışıb. Bunlar bir araya gəldikdə asanlıqla məğlub edilə bilməyən bir quruluş yaradır”, – deyə Əraqçi bildirib.