Yunanıstanın “Dynacom” gəmiçilik qrupu Hörmüz boğazında vurulan və İrana tərəf aparılan gəmisinin dəqiq yerini müəyyənləşdirməyə çalışır. Söhbət yunanıstanlı maqnat Corc Prokopiua məxsus “Kavomaleas” tankerindən gedir.
Bu barədə “Financial Times” (FT) nəşri məlumat yayıb.
“Peyk görüntülərinə əsasən, yunan gəmiçilik maqnatı Corc Prokopiua məxsus tanker bazar günü axşam saatlarında Hörmüz boğazında mərmi zərbəsinə məruz qaldıqdan sonra İran sularına yedəyə alınıb”, – deyə FT yazır.
Bazar günü axşam saatlarında “Kavomaleas” tankeri Oman sahilləri yaxınlığında, Fars körfəzi istiqamətində hərəkət edərkən iki mərmi ilə vurulub. Bu hücum İranın cari həftə ərzində Qərb gəmiçiliyinə qarşı həyata keçirdiyi və Hörmüz boğazı vasitəsilə dəniz hərəkətini yenidən iflic edən silsilə hücumların bir hissəsidir.
Daxil olan zərbələr gəminin maşın şöbəsində güclü yanğına səbəb olub və heyət üzvləri gəmini tərk etməyə məcbur qalıblar.
Məlumata görə, Avropa Kosmik Agentliyinin 21 iyul tarixli peyk görüntülərində İran sahillərindəki Larak adası yaxınlığında, İranın ərazi sularında “Kavomaleas” ilə eyni ölçülərə və göyərtə rənginə malik gəmi, eləcə də onun mühərrikindən qalxan tüstü dumanı əks olunub. İnsidentin baş verdiyi dəniz akvatoriyası isə hazırda tamamilə boşdur.
Qeyd edək ki, “Dynacom” şirkəti digər dənizçilik şirkətlərinin çəkindiyi riskli bölgələrə tez-tez səfərlər edən ən cəsarətli daşıyıcılardan biri sayılır. ABŞ və İsrailin İrana qarşı hücumlarının başlandığı fevral ayından bəri şirkət Hörmüz boğazından ən azı 10 tanker keçirib.
Musavat.com


