İspaniyada anomal istilərlə bağlı “son dərəcə təhlükəli” xəbərdarlıqbackend

İspaniyada anomal istilərlə bağlı “son dərəcə təhlükəli” xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada hökm sürən anomal isti hava şəraiti ilə əlaqədar ölkənin bəzi bölgələrində ən yüksək səviyyəli – “son dərəcə təhlükəli” istilik xəbərdarlığı elan edilib. Ayrı-ayrı ərazilərdə havanın temperaturu 44 dərəcəni ötüb.

Editor.az xəbər verir ki, İspaniya Meteorologiya İnstitutunun (AEMET) məlumatına görə, Valensiya və Alikante şəhərlərinin cənubundakı sahilyanı ərazilərin daxili hissələrində temperatur 42 dərəcəyə və daha yüksək göstəricilərə çatıb. Veqa-del-Segura, Valye-del-Quadalentin, Lorka və Aqilas bölgələrində isə temperaturun 44 dərəcədən yuxarı qalxdığı bildirilib.

Ölkənin bəzi bölgələrində “qırmızı” xəbərdarlıq elan edilib

Meteoroloqlar qeyd olunan ərazilərdə ən yüksək səviyyəli – “qırmızı” istilik xəbərdarlığı veriblər. İberiya yarımadasının müxtəlif hissələrində və Balear adalarında temperaturun 39-42 dərəcə arasında dəyişəcəyi gözlənildiyindən “narıncı” səviyyəli xəbərdarlıq da qüvvəyə minib.

İspaniyanın Səhiyyə Nazirliyi əhaliyə yüksək temperaturun yaratdığı sağlamlıq riskləri ilə bağlı xəbərdarlıq edib. Vətəndaşlara istidən qorunmaq, kifayət qədər su qəbul etmək və xüsusilə köməyə ehtiyacı olan insanlara diqqət göstərmək tövsiyə olunub.

Pedro Sançes: “İqlim fövqəladə vəziyyəti ilə mübarizə aparmalıyıq”

İspaniyanın Baş naziri Pedro Sançes ölkədə hökm sürən ekstremal hava şəraiti fonunda baş verən meşə yanğınlarına da diqqət çəkib.

Sançesin sözlərinə görə, bu il İspaniyanın müxtəlif bölgələrində baş verən 22 iri meşə yanğını nəticəsində 100 min hektardan çox ərazi yanıb. Baş nazir qeyd edib ki, bu rəqəm son 10 il ərzində meşə yanğınları nəticəsində məhv olan ərazilərin illik orta göstəricisinə təxminən bərabərdir.

İspaniya hökumətinin yanğınlarla mübarizə üçün bütün zəruri resursları səfərbər etdiyini bildirən Sançes siyasi qüvvələri iqlim dəyişikliyinin yaratdığı təhlükələrə qarşı birgə fəaliyyət göstərməyə çağırıb.

“Bütün siyasi qüvvələri ümumi düşmənə – iqlim fövqəladə vəziyyətinə diqqət yetirməyə çağırıram. Dövlət səviyyəsində razılaşma əldə etmək zəruridir”, – deyə İspaniyanın Baş naziri vurğulayıb.

//Gülnarə Abasova, Editor.az