İsrail rəsmisi Türkiyə ilə birbaşa hərbi qarşıdurma ehtimalı barədə sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, İsrailin diaspor məsələləri naziri Amixay Şikli Qüds Tətbiqi Siyasət Mərkəzinin (JCAP) qapalı konfransında çıxışı zamanı ölkəsinin Türkiyə ilə mümkün birbaşa qarşıdurmaya hazır olmalı olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyə ordusu ilə dənizdə birbaşa toqquşma ehtimalı istisna deyil.
“Türkiyə ordusu ilə dənizdə birbaşa qarşıdurma baş verə bilər. Bu, mümkünsüz ssenari deyil – hətta sabah səhər də baş verə bilər”, – deyə Şikli İsrailin Channel 12 telekanalına istinadən bildirib.
Nazir xatırladıb ki, İsrail 2023-cü ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəyə xilasedici qrup göndərərək yardım göstərmişdi. O, həmçinin iddia edib ki, təxminən yeddi il əvvəl İsrailin “İxilov” xəstəxanasının həkimləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı onkoloji xəstəliklə bağlı müalicə ediblər.
“Bu, son dərəcə məyusedicidir, amma qarşılaşdığımız reallıq budur”, – deyə Şikli vurğulayıb.
İsrailli nazir eyni zamanda Qüdsdəki Türkiyə konsulluğunun dərhal bağlanmasının və İsrail ərazisində Türkiyənin bütün fəaliyyətinin dayandırılmasının tərəfdarı olduğunu bildirib.
JCAP isə iddia edir ki, Türkiyənin Qüdsdəki konsulluğu Ankaranın bölgədəki əsas təsir alətlərindən biridir. Mərkəzin iddiasına görə, konsulluq Fələstin Administrasiyası ilə əməkdaşlıq edir, islam yönümlü qruplar və yerli təşkilatlara dəstək verir, həmçinin şəhərdə təsir şəbəkəsinin formalaşdırılmasında iştirak edir.

