Şimali Qafqaz Federal Universitetinin (NCFU) alimləri yağışlı hava şəraitində həşəratların davranışlarını araşdıraraq onların təhlükədən qorunmaq üçün xüsusi sığınacaqlara çəkildiyini müəyyən ediblər.
Editor.az xəbər verir ki, universitetin Tibb və Biologiya fakültəsinin tədqiqatçısı Maksim Afonkinin sözlərinə görə, həşəratların fəaliyyəti atmosfer təzyiqindəki dəyişikliklərdən və yağıntılardan birbaşa təsirlənir. O bildirib ki, yağış həşəratlar üçün ciddi təhlükə yarada bilər.
Mütəxəssis qeyd edib ki, həşəratların ölçüləri kiçik olduğundan yağış damcıları onlar üçün olduqca ağır yük hesab olunur. Onun sözlərinə görə, bir insanın başına bir vedrə suyun düşməsi nə qədər təhlükəlidirsə, yağış damcısının həşərata təsiri də buna bənzərdir.
Afonkin əlavə edib ki, həşəratlar atmosfer təzyiqindəki dəyişiklikləri xüsusi hiss orqanları – baroreseptorlar vasitəsilə əvvəlcədən hiss edə bilirlər. Nəticədə onların aktivliyi azalır və təhlükəsiz sığınacaq axtarmağa başlayırlar.
Müşahidələrə görə, həşəratlar əsasən sıx yarpaqların arasında gizlənirlər. Torpaq üzərində yaşayan növlər isə torpağın altında, yarpaq qatlarında, daşların arasında və qurumuş ağacların altında sığınacaq tapırlar.
Entomoloq Yuri Qninenko isə bildirib ki, bu il ağcaqanadların sayında normadan artıq artım müşahidə olunmur və qeyri-adi həşərat istilası qeydə alınmayıb. Onun sözlərinə görə, ağcaqanadlar, at milçəkləri və digər qan soran həşəratlar bu mövsüm nisbətən erkən fəallaşsalar da, onların sayı hələ də adi göstəricilər çərçivəsində qalır.
//Gülnarə Abasova, Editor.az


