Rusiya Xarici İşlər Nazirliyi NATO və Avropa İttifaqının (Aİ) 2030-cu il ətrafında Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşdığını iddia edib.
Editor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, Moskva hərbi planlaşdırmasını NATO və Aİ tərəfindən yarana biləcək təhdidlər nəzərə alınmaqla həyata keçirir.
Qruşko Qərb alyanslarının əsas məqsədinin Rusiyanı zəiflətmək olduğunu iddia edərək bildirib ki, NATO və Aİ ölkələri faktiki olaraq 2030-cu ilə qədər Rusiya ilə hərbi münaqişəyə hazırlıq görürlər.
“Biz NATO və Avropa İttifaqı ölkələrinin 2030-cu il ərəfəsində Rusiya ilə hərbi qarşıdurmaya faktiki şəkildə hazırlaşdıqları reallığından çıxış edirik. Avropa İttifaqı və Şimali Atlantika Alyansının əsas vəzifəsi Rusiyaya strateji məğlubiyyət yaşatmaqdır”, – deyə Qruşko vurğulayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov də “Ukrayna, Avropa və Qlobal Təhlükəsizlik” adlı məqaləsində oxşar fikirlər səsləndirmişdi. O, Avropanın Rusiya ilə mümkün qarşıdurmaya hazırlıq məqsədilə vaxt qazanmağa çalışdığını iddia edib.
Lavrov həmçinin beynəlxalq gərginliyin NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma riskini artırdığını bildirib. Onun sözlərinə görə, belə bir ssenari qısa müddətdə nüvə müharibəsinə çevrilə biləcək ciddi təhlükələr yarada bilər.
Qeyd edək ki, NATO və Aİ rəsmiləri indiyədək Rusiyaya qarşı hərbi hücum planları hazırladıqlarını rəsmən təsdiqləməyiblər. Alyans nümayəndələri dəfələrlə NATO-nun müdafiə xarakterli təşkilat olduğunu bəyan ediblər.
//Gülnarə Abasova, Editor.az


