Ötən gecə Ukrayna yenidən Krıma kütləvi dron hücumu təşkil edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, elektrik təchizatı infrastrukturu hücumun əsas hədəfi olub. Xüsusilə Tavriya İstilik Elektrik Stansiyasına bir neçə zərbə endirilib. Nəticədə Feodosiya, Sevastopol, Kerçdə enerji təchizatı dayanıb.
Qeyd edək ki, son həftələrdə Ukrayna Krımda çoxaylı infrastruktur obyektlərinə ağır zərbələr endirir. Dünəndən etibarən Sevastopolda çox ciddi məhdudiyyətlər tətbiq olunur.
Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, şəhərdə kütləvi küçə tədbirləri 22 iyundan etibarən növbəti xəbərdarlığa qədər ləğv edilib.
İctimai nəqliyyat yalnız gündüz saatlarında – səhər saat 5:30-dan axşam saat 9:00-dək fəaliyyət göstərəcək.
Avtomobil bərələri fəaliyyətini dayandıracaq və yalnız sərnişin gəmiləri qalacaq.
Fövqəladə hallar zamanı ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməsi barədə qərar bazar ertəsi saat 15:00-dan etibarən qəbul edilib.
Ticarət mərkəzləri, supermarketlər və hipermarketlər səhər saat 7:00-dan axşam saat 8:00-dək, iaşə müəssisələri isə səhər saat 8:00-dan axşam saat 8:00-dək açıq olacaq. Kiçik mağazalar, köşklər və apteklər öz iş saatlarını təyin etməkdə sərbəstdirlər.
Həmçinin küçə işıqlarını yandırmamaq qərarı verilib.


