İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats orduya Livan ərazilərinə zərbə endirməyi dayandırmaq barədə əmr veriblər.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin “12-ci kanalı” məlumat yayıb.
Kanalın verdiyi informasiyaya görə, bu qərar ABŞ tərəfi ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.
İsrail rəhbərliyi, həmçinin İDF (İsrail Müdafiə Ordusu) hərbçilərinin Livanın cənubundakı “sarı xətt” mövqelərini qoruyub saxlaması və hələlik geri çəkilməməsi barədə sərəncam verib.
İyunun 19-da İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs razılaşması əldə olunub. Lakin iyunun 20-nə keçən gecə İsrail ordusu qruplaşmanı atəşkəs rejimini pozmaqda ittiham edərək, Livanın cənubunda “Hizbullah”a məxsus onlarla obyektə zərbələr endirdiyini bəyan edib.
İsrail ordusunun Livana endirdiyi bu zərbələrdən sonra İran rəhbərliyi Hörmüz boğazını bağladığını elan edib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə öz növbəsində boğazda gəmilərin hərəkətinin adi rejimdə davam etdiyini bildirib.


