ABŞ administrasiyası Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz və fasiləsiz şəkildə davam etdirilməsi ilə bağlı aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bəyan edib.
Editor.az “Axios” portalının amerikalı diplomatlara istinadən yaydığı məlumata görə xəbər verir ki, İsveçrənin Bürgenştok şəhərində keçirilən görüşlər zamanı ABŞ, İran və vasitəçi ölkələrin nümayəndələri Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə ediblər. Danışıqlarda Tehran tərəfindən boğazın bağlanması ehtimalı ilə bağlı son açıqlamalar da gündəmə gətirilib.
Mənbənin sözlərinə görə, ABŞ tərəfi strateji əhəmiyyət daşıyan bu dəniz marşrutunda tam və maneəsiz gəmiçiliyin qorunmasının vacibliyini açıq şəkildə vurğulayıb.
“Biz boğazın tam açıq qalmasını istədiyimizi aydın şəkildə bildirdik. Bu istiqamətdə yaxşı irəliləyiş əldə etmişik”, – deyə amerikalı diplomatın sözlərindən sitat gətirilib.
Qeyd edək ki, iyunun 18-nə keçən gecə ABŞ və İran hərbi qarşıdurmanın dayandırılmasını möhkəmləndirmək və danışıqların yeni mərhələsinə keçidi təmin etmək məqsədilə məsafədən müvəqqəti anlaşma memorandumu imzalayıblar.
Hörmüz boğazı dünya enerji tədarükü baxımından ən vacib dəniz marşrutlarından biri hesab olunur. Bu səbəbdən bölgədəki hər hansı gərginlik qlobal neft və qaz bazarlarına birbaşa təsir göstərə bilər.
//Gülnarə Abasova, Editor.az


