Şimal gəzintisi depressiya əlamətlərini cəmi 5 həftədə azalda bilər – yeni araşdırmabackend

Şimal gəzintisi depressiya əlamətlərini cəmi 5 həftədə azalda bilər – yeni araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı alimlər müəyyən ediblər ki, müntəzəm şimal gəzintisi (Nordic walking) məşqləri depressiya əlamətlərinin azalmasına artıq beş həftə ərzində əhəmiyyətli təsir göstərə bilər. Xüsusilə ağır depressiyadan əziyyət çəkən insanlarda müsbət nəticələr daha qabarıq müşahidə olunub.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Journal of Affective Disorders jurnalında dərc edilib.  

Araşdırmada rəhbərliyi fransız tədqiqatçı Klement Jinu tərəfindən həyata keçirilən elmi qrup iştirak edib. Tədqiqata orta və ağır dərəcəli depressiyadan əziyyət çəkən 64 nəfər cəlb olunub. İştirakçıların orta yaşı təxminən 50 olub və onların 90 faizindən çoxunu qadınlar təşkil edib.  

İştirakçılar təsadüfi şəkildə iki qrupa bölünüb. Birinci qrupdakı 48 nəfər 10 həftə ərzində həftədə iki dəfə peşəkar təlimatçının rəhbərliyi altında şimal gəzintisi ilə məşğul olub. Hər məşq təxminən bir saat davam edib və fiziki yük maksimal ürək döyüntüsü tezliyinin 65–75 faizi səviyyəsində saxlanılıb. Digər 16 nəfərdən ibarət nəzarət qrupu isə fiziki fəaliyyətlə məşğul olmayıb, yalnız depressiya və onun profilaktikası ilə bağlı məlumat materialları alıb.  

Tədqiqatçılar iştirakçıların vəziyyətini eksperimentin əvvəlində, beşinci həftədə və proqramın sonunda Bek Depressiya Şkalası vasitəsilə qiymətləndiriblər. Nəticələr göstərib ki, şimal gəzintisi ilə məşğul olan şəxslərdə artıq beşinci həftədə depressiya əlamətləri nəzərəçarpacaq dərəcədə azalıb. Bu qrupun təxminən yarısında simptomlar ən azı 50 faiz azalıb ki, bu da klinik baxımdan əhəmiyyətli yaxşılaşma hesab olunur. Nəzarət qrupunda isə belə nəticə qeydə alınmayıb.  

Alimlər həmçinin müəyyən ediblər ki, ağır depressiyadan əziyyət çəkən iştirakçılar daha sürətli irəliləyiş nümayiş etdiriblər. Onlarda ilk beş həftə ərzində simptomların azalması orta dərəcəli depressiyası olan şəxslərlə müqayisədə daha güclü olub.  

Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr fiziki aktivliyin depressiya ilə mübarizədə və psixi sağlamlığın yaxşılaşdırılmasında mühüm rol oynaya biləcəyini göstərən elmi sübutların sayını daha da artırır. Bununla belə, şimal gəzintisi tibbi müalicəni əvəz edən üsul deyil və depressiyadan əziyyət çəkən şəxslər mütəxəssis nəzarətini davam etdirməlidirlər.  

//Gülnarə Abasova, Editor.az