Hindistanın Uttar-Pradeş ştatında iki nəfərin ölümünə səbəb olduğu ehtimal edilən insan yeyən pələngin axtarışları davam edir.
Editor.az “Times of India” nəşrinin yaydığı məlumata görə xəbər verir ki, hadisə Ramnaqar kəndi və ətraf ərazilərdə qeydə alınıb. Bildirilir ki, iyunun 14-də pələng şəkər qamışı sahəsində çalışan 60 yaşlı fermerə hücum edərək onu parçalayıb.
Ertəsi gün isə yırtıcı qonşu kənddə yaşayan 50 yaşlı qadına hücum edib. Yerli sakinlər daha sonra qadının qalıqlarını tapıblar. Məlumatlara görə, pələng qurbanını qismən yeyib.
Ştatın meşə təsərrüfatı rəsmiləri hər iki hücumun eyni heyvan tərəfindən törədildiyini ehtimal edirlər. Buna səbəb hücumların baş verdiyi məkanların bir-birindən cəmi 2,5 kilometr məsafədə yerləşməsidir.
Hazırda pələngin tutulması üçün əraziyə yemlə təchiz olunmuş qəfəslər və kamera tələləri yerləşdirilib. Bundan əlavə, bölgə pilotsuz uçuş aparatları (dronlar) vasitəsilə fasiləsiz nəzarətdə saxlanılır.
Məlumata görə, son iki ay ərzində həmin ərazidə vəhşi heyvanların hücumları nəticəsində altı nəfər zərər çəkib.
Qeyd edək ki, may ayında da Hindistanda pələng hücumu nəticəsində dörd qadın həyatını itirmişdi. Hadisə Maharaştra ştatının Çandrapur rayonunda baş vermişdi. Meşədə yarpaq toplayan 13 nəfərlik qadın qrupuna qəfil hücum edən pələng dörd nəfəri öldürmüş, digər doqquz nəfər isə qaçaraq canını qurtara bilmişdi.
//Gülnarə Abasova, Editor.az


