Azərbaycanda məktəb qiymətləri ilə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri arasında müşahidə olunan fərqlər yenidən diqqət mərkəzinə düşüb.
Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar məktəbdaxili qiymətləndirmə ilə mərkəzləşdirilmiş imtahan nəticələri arasında ciddi fərqlərin mövcud olduğunu göstərir.
Statistikaya əsasən, ötən il orta məktəbi əla qiymətlərlə başa vuran 513 məzun qəbul imtahanlarında 0–200 bal aralığında nəticə göstərib. Onlardan 481 nəfər 100–200 bal, 32 nəfər isə 0–100 bal toplayıb.
Eyni zamanda, orta attestat balı “3” olan bir məzun qəbul imtahanında 500–700 bal aralığında nəticə əldə edib.
Mütəxəssislər hesab edirlər ki, bu göstəricilər məktəbdaxili qiymətləndirmə sisteminin obyektivliyi, tədris proqramlarının qəbul imtahanlarının tələblərinə uyğunluğu və şagirdlərin biliklərinin qiymətləndirilməsi mexanizmləri ilə bağlı sualları yenidən gündəmə gətirir.
Ekspertlərin fikrincə, məktəb qiymətləri ilə mərkəzləşdirilmiş imtahan nəticələri arasında kəskin fərqlərin yaranması qiymətləndirmə meyarlarının təkmilləşdirilməsini zəruri edir. Onların sözlərinə görə, məktəblərdə vahid qiymətləndirmə standartlarının tətbiqi və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi bu istiqamətdə mühüm rol oynaya bilər.
Qeyd edək ki, DİM hər il “Abituriyent” jurnalında qəbul və buraxılış imtahanlarının nəticələrinə dair geniş statistik təhlillər təqdim edir. Bu materiallar ölkənin təhsil sistemində mövcud tendensiyaların müəyyənləşdirilməsi və problemlərin aşkar olunması baxımından mühüm əhəmiyyət daşıyır.


