Bakı camaatına MÜJDƏ: Bundan sonra tıxaclar…backend

Bakı camaatına MÜJDƏ: Bundan sonra tıxaclar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır”. Bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.

Image

O bildirib ki, məqsəd dayanıqlı şəhərsalma infrastrukturunun qurulmasıdır: “Digər məsələ tarixi və mədəni abidələrin qorunmasıdır”. İdarə rəisinin sözlərinə görə, Bakının 2040-cı ilə qədər şəhərsalma planı yeni reallıqlara, iqlim dəyişikliklərinə cavab verəcək. R.Qasımov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhərsalma və arxitektura Azərbaycan üçün ən əhəmiyyətli vəzifələrdən biridir: “BMT-yə görə dünya əhalisinin 60%-i 2050-ci ilə qədər şəhərlərdə yaşayacaq. Ona görə müasir şəhərsalma planlaması ətraflı, insanyönümlü, dəqiq işlər görülməlidir. Bakıda artıq uzunmüddətli Baş Plan formalaşıb.

Bakının Baş Planı geniş miqyasda nəzərə alınıb. Burada əsas hədəf həyat keyfiyyətinin yüksəldilməsidir. Şəhər nə dərəcədə təhlükəsizdir, insanlar üçün əlçatanlığı əsas götürülüb”. O qeyd edib ki, Baş Planda ətraf mühitə təsirlərin azaldılmasına diqqət verilib: “Qlobal iqlim hədəflərinə çatmaq üçün çalışırıq. Bununla bağlı BMT sistemində ətraflı müzakirələr aparırıq”.

Baş Planda əsas məsələ tıxacın azaldılmasıdırsa, bu layihə nə vaxt reallaşacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Bakının Baş planında əsas prioritetin tıxacların və sıxlığın azaldılması kimi müəyyənləşdirilməsi strateji baxımdan doğru yanaşmadır: “Ancaq bu cür layihələrin nəticəsi qısa müddətdə olmur, onlar mərhələli şəkildə həyata keçirilir. Çünki burada söhbət təkcə yeni yolların çəkilməsindən deyil, bütövlükdə şəhər modelinin yenidən qurulmasından gedir. Məsələn, Bakının 2040-cı ilə qədər inkişaf konsepsiyası nəzərə alınsa, qarşıdakı 5 il ərzində müəyyən nəticələr görünə bilər. Xüsusən də nəzərə alsaq ki, Bakı və ətraf ərazilərdə tıxacların qarşısını almaq və sıxlığı azaltmaq üçün ayrıca dövlət proqramı mövcuddur. Bu, “Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair” Dövlət Proqramıdır və proqramda əsas məqsədlərdən biri də məhz budur. Proqram 5 illik dövrü əhatə edir və 2030-cu ilə qədər yekunlaşmalıdır. Hədəf odur ki, 2030-cu ilə qədər Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturu daha da yaxşılaşdırılsın. Burada söhbət yalnız nəqliyyatın hərəkətinin tənzimlənməsindən deyil, həm də yol infrastrukturunun yenidən qurulmasından gedir”.

Qanun dəyişir: Bu, avtomobil bazarına necə təsir edəcək? – Ekspert

Ekspert bildirib ki, yol infrastrukturunun yaxşılaşdırılması və nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün vacib məsələlərdən biri şəhərsalmada mövcud nöqsanların aradan qaldırılmasıdır: “Bu gün Bakıda şəhərsalma ilə bağlı problemlər var, tikintidə özbaşınalıq halları müşahidə olunur. Müşahidə edirik ki, yaşayış məskənlərində, qəsəbələrdə, hətta yaşayış binalarının həyətlərində və məhəllələrdə qeyri-yaşayış obyektləri tikilir. Klinikalar və xəstəxanalar yaşayış məhəllələrinin içərisində qurulur. Bu isə sakinlərin gündəlik hərəkətini çətinləşdirir. Təbii ki, belə obyektlər məhəllədə fəaliyyət göstərirsə, xəstələrin, işçi heyətinin və xidmət personalının gediş-gəlişi, nəqliyyat vasitələrinin hərəkəti əlavə problemlər yaradır. Üstəlik, tikintilər əsasən şəhərin mərkəzi hissələrində aparılır. İlk növbədə bu proseslərin qarşısının alınması vacib məqamlardan biridir. Ümid edirik ki, artıq bu istiqamətdə də nəzarət gücləndiriləcək”.

Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR

ldəniz Cəfərov onu da qeyd edib ki, bu gün həm yaşayış, həm də qeyri-yaşayış obyektləri tikilir, amma onların parklanma yerləri təşkil olunmur: “Bu isə şəhərimizin gələcək inkişaf planlarına vurulan ciddi zərbədir. Ümid edirəm ki, bunun da qarşısı alınacaq və belə obyektlərin qarşısında parklanma yerlərinin vaxtında təşkili məsələsi qaldırılacaq. Çünki adi parklanma yerinin olmaması belə böyük fəsadlara və tıxaclara səbəb olur. Ümumilikdə isə bu istiqamət tamamilə doğrudur. Müasir şəhərsalma təcrübəsində əsas məqsəd artıq daha çox yol tikmək deyil, şəxsi avtomobildən asılılığı azaltmaqdır. İnsanlar üçün sürətli, rahat və əlçatan ictimai nəqliyyat sistemi qurulmalıdır və hazırda bu proses gedir. Perspektivdə ictimai nəqliyyatda tramvayın tətbiqi də nəzərdə tutulur. Bu gün avtobus seqmentində marşrutlara buraxılan nəqliyyat vasitələri yenilənir və dəyişdirilir. Metroda isə genişmiqyaslı işlər həyata keçirilir. Yeni stansiyalar ona görə tikilir ki, həm sərnişin axını rahat idarə olunsun, həm də depoların qatar qəbul etmə imkanları artsın. Bu, müsbət addımdır. Taksi sahəsində də yenilənmə müşahidə olunur. Əvvəllər istismarda olan köhnə avtomobillər mərhələli şəkildə dövriyyədən çıxarılır və yeniləri ilə əvəz olunur. Bu da müsbət nəticədir. Yəni nəqliyyat sektorunda xeyli irəliləyiş var. Dəmir yolunda da son illər ərzində yeni stansiyalar tikilib və Bakı ətrafı ərazilərdə demək olar ki, hər kəs üçün yeni stansiyaların açılması nəqliyyat imkanlarını artırıb”.