Rusiyalı endokrinoloq Yekaterina Vorontsova isti hava şəraitinin diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaratdığını bildirib.
Editor.az bu barədə rus mətbuatına istinadla yazıb.
Onun sözlərinə görə, yüksək temperatur qanda şəkərin səviyyəsində kəskin dəyişikliklərə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, havanın həddindən artıq isti keçməsi zamanı şəkər səviyyəsi hətta fiziki aktivlik olmadan da yüksələ bilər. Bu vəziyyət xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlar üçün təhlükəlidir, çünki bəzi hallarda onlar qanda şəkərin qəfil dəyişməsini və ya hipoqlikemiyanı hiss etməyə bilərlər. Bu isə huşun itirilməsi ilə nəticələnə bilər.
Vorontsova bildirib ki, isti günlərdə diabet xəstələri gün ərzində ən azı 6–7 dəfə qan şəkərini ölçməlidirlər. O, həmçinin insulin qəbul edən şəxslərə dozaların hava şəraitinə uyğun tənzimlənməsini tövsiyə edib. Həkimin sözlərinə görə, istilik insulin maddəsinin orqanizmdə daha sürətlə sorulmasına səbəb olur.
Bundan əvvəl digər həkimlər də isti havalarda günvurma riskinin artdığına diqqət çəkərək, ilk yardım qaydalarına əməl etməyin vacibliyini vurğulayıblar.
//Gülnarə Abasova, Editor.az


