Qastroenteroloq və hepatoloq Lyudmila Sosnina qaraciyərin sağlam fəaliyyətini qorumaq üçün ən faydalı qidaların adlarını açıqlayıb. Həkimin sözlərinə görə, xüsusilə yulaf sıyığı və yağlı balıq növləri qaraciyər üçün mühüm faydalar verir.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Mütəxəssis bildirib ki, qaraciyər orqanizmdə maddələr mübadiləsində iştirak edir, toksinləri zərərsizləşdirir və həzm prosesinə kömək edir. O qeyd edib ki, qaraciyər özünü bərpa etmək qabiliyyətinə malik azsaylı orqanlardan biridir, lakin bunun üçün düzgün qidalanma vacibdir.
Sosninanın sözlərinə görə, gündəlik rasionda brokkoli, Pekin kələmi, yaşıl yarpaqlı tərəvəzlər, avokado, çuğundur və yerkökü kimi məhsullar mütləq yer almalıdır. Bu məhsulların tərkibində olan antioksidantlar qaraciyər hüceyrələrini qorumağa və onların bərpasına kömək edir. Meyvələr arasında isə banan, limon və qreypfrut xüsusilə faydalı hesab olunur. Həkim həmçinin qaragilə, moruq, zoğal və üzüm kimi giləmeyvələrin immun sisteminə də müsbət təsir göstərdiyini vurğulayıb.
Qastroenteroloq yulaf sıyığının lif və beta-qlükan mənbəyi olduğunu, bunun isə iltihabı azaltdığını və qaraciyərin piylənməsi riskini aşağı saldığını bildirib. O əlavə edib ki, omega-3 yağ turşuları ilə zəngin yağlı balıqlar qaraciyərin normal fəaliyyətinə və maddələr mübadiləsinə müsbət təsir göstərir. Həkim belə balıqların həftədə ən azı üç dəfə qəbul edilməsini tövsiyə edib.
Bundan başqa, qoz, badam və keşyu kimi çərəzlərin, həmçinin termiki emal olunmamış zeytun yağının da qaraciyər üçün faydalı olduğu qeyd edilib. Sosnina yaşıl çayın və təbii şirələrin də faydasını vurğulayıb. O, ölçülü şəkildə qəbul edilən qəhvənin qaraciyərdə maddələr mübadiləsini yaxşılaşdırdığını və bəzi xroniki xəstəliklərin riskini azaltdığını bildirib.
Həkim sonda qeyd edib ki, qaraciyərin sağlam qalması üçün sərt pəhrizlərə ehtiyac yoxdur. Onun fikrincə, əsas məsələ zülal, yağ, vitamin və mikroelementlərlə zəngin balanslı qidalanmadır.
//Gülnarə Abasova, Editor.az


