Tailandın Pxuket adasında güclü daşqın təhlükəsi ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilibbackend

Tailandın Pxuket adasında güclü daşqın təhlükəsi ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailandın kurort bölgəsi olan Pxuket adasının hakimiyyət orqanları güclü yağışlar və daşqın təhlükəsi ilə əlaqədar ən yüksək təhlükə səviyyələrindən biri olan qırmızı xəbərdarlıq elan ediblər.

Editor.az-ın The Nation nəşrinə istinadən verdiyi məlumata görə, hakimiyyət orqanları Banq-Yay kanalı boyunca yaşayan sakinlərə və sahibkarlara elektrik cihazlarını və qiymətli əşyalarını təcili olaraq binaların yuxarı mərtəbələrinə köçürməyi tövsiyə edib.

Məlumata əsasən, davam edən leysan yağışları kanalda suyun səviyyəsinin kəskin yüksəlməsinə və yaşayış evlərinin su altında qalmasına səbəb ola bilər.

Son bir neçə gündə Pxuket adasında intensiv yağışlar müşahidə olunur. Oktyabrın 26-da 24 saat ərzində bölgəyə təxminən 143 millimetr yağıntı düşüb. Nəticədə adanın əsas turizm mərkəzi olan Patonq şəhərində və digər ərazilərdə daşqınlar baş verib. Təbii fəlakət yaşayış məhəllələrinə və turizm infrastrukturuna ziyan vurub.

Tailandda istirahət edən rusiyalı turistlər də bəzi hotellərin su altında qaldığını bildiriblər. Onların sözlərinə görə, su bir neçə hotelin, o cümlədən bahalı Vignette Collection Dinso Resort & Villas Phuket by IHG kompleksinin birinci mərtəbəsinə daxil olub. Hotellərin əməkdaşları suyun qarşısını almaq məqsədilə girişlərdə kiçik bəndlər qurub, qum torbalarından istifadə ediblər.

Güclü yağışlar nəqliyyatın hərəkətinə də mənfi təsir göstərib. Bəzi yollarda daş və ağac budaqlarının toplanması avtomobillərin hərəkətini çətinləşdirib. Yüzlərlə avtomobilə ziyan dəyib, bəzi nəqliyyat vasitələri isə sel suları tərəfindən aparılıb. Yaşayış evləri və mağazalar da zərər görüb.

Meteoroloqların proqnozlarına görə, yaxın günlərdə bölgədə yağışlı hava şəraitinin davam edəcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az