Bakıda yıxılan rus qadının həkimdən şikayəti: “Sınmış ayağımda “heç nə yoxdur” deyib, yola saldılar”backend

Bakıda yıxılan rus qadının həkimdən şikayəti: “Sınmış ayağımda “heç nə yoxdur” deyib, yola saldılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyadan Bakıya ailəsi ilə gəlmiş Katya Xan adlı gənc qadın səfərin sonunda ayağından aldığı zədə ilə bağlı xoşagəlməz hadisə yaşayıb.
İçərişəhərdə çuxura düşən qadın ayağını əzib və ağrı hiss etdiyi üçün Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.
Medicina.az xəbər verir ki, o, burda xoşagəlməz vəziyyətlə qarşılaşıb, xidmətdən razı qalmayıb:
“Məni Əlibəyli Tariyel adlı həkim qəbul etdi. Ayağım şişmişdi, ağrıyırdı və güclə yeriyirdim. Buna baxmayaraq, bizi rentgen üçün bir binadan digərinə, sonra isə başqa binaya göndərdilər. Mənə hansısa əlil arabası, başqa bir hərəkət vasitəsi təklif olunmadı. Ağrıyan ayağımın üzərinə basa-basa özüm getməli oldum. Daha böyük çətinlik rentgen müayinəsi zamanı yaşandı. Azərbaycan dilini başa düşmədiyim üçün rentgen müayinəsini həyata keçirən əməkdaşla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Həyat yoldaşımı içəri buraxmadılar. Rentgen zamanı ayağımın necə yerləşdirilməli olduğunu başa düşmədiyim üçün əməkdaş kobud şəkildə ayağımı hərəkət etdirərək rentgen üçün lazımi vəziyyətə gətirdi. Həkim qəbulu və rentgen müayinəsi üçün ödəniş etdik. Müayinədən sonra isə həkim dedi ki, ayaqda sınıq və ya çıxıq yoxdur, sadəcə əzilmədir. Ayağıma sarğı qoyuldu və evə göndərildim.
Səfərimin son günü olduğu üçün ayağımın üzərinə basa-basa hərəkət etdim. Daha sonra bu vəziyyətdə hava limanına getdim və Rusiyaya qayıtdım. Lakin Rusiyaya çatdıqdan sonra vəziyyətim kəskin şəkildə ağırlaşdı. Güclü ağrıdan ağlayırdım və dərhal travmatoloqa müraciət etdik”.
Rusiyadakı həkim isə Katya Xanın ayağında yerini dəyişmiş sınıq, çıxıq aşkar edib. Hətta rentgendə sınığın görülməməsinə təəccüblənib. Bu xəbər qadını şoka salıb. Sınıq ayağının üstünə basaraq, bu qədər yol qət etməsi ona ikiqat ziyan vurub.
“Məni ən çox düşündürən də budur: Bakıda çəkilən rentgenə əsasən mənə sınıq və çıxıq olmadığı deyildi. Hazırda ayağım gipsə salınıb. Yenidən nəzarət rentgenindən keçməliyəm.
Ayağım yaxşılaşmasa, mənə metal şpitslərlə fiksasiya əməliyyatı lazım ola bilər. Mən bu hadisəni sadəcə şəxsi narazılıq kimi deyil, ciddi bir məsələ kimi bölüşmək istəyirəm. Axı bu sağlamlıqdır! Mənə və mənim kimi insanlara bu cür başdansovdu yanaşmaq həkimlik adına yaraşmır”.
Məsələ ilə bağlı Travmatologiya və Ortopediya İnstitutundan sorğumuza cavab olaraq bildirildi ki, pasiyentin öz ayağı ilə hərəkət etməsi, həmçinin aparılmış rentgen müayinəsində sınığın aydın müşahidə olunmaması nəzərə alınaraq, sınıq diaqnozu qoyulmayıb.
Lakin şübhəli görüntü olduğu üçün diaqnozun dəqiqləşməsi üçün KT müayinəsi tövsiyə olunub.
Həmçinin bu günə qədər pasiyent tərəfindən bu insident və yanlış diaqnoz qoyulduğu deyilən ayaqda sınığı təsdiq edən hər hansı rentgen müayinə və rəsmi tibbi sənəd onlara təqdim olunmayıb.