Alimlər diabet zamanı qan şəkərinə həddindən artıq ciddi nəzarətin mümkün nəticələri barədə xəbərdarlıq ediblərbackend

Alimlər diabet zamanı qan şəkərinə həddindən artıq ciddi nəzarətin mümkün nəticələri barədə xəbərdarlıq ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanda qlükoza səviyyəsini daim ideal həddə saxlamağa çalışmaq bəzi diabet xəstələrinin həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Yeni araşdırmanın nəticələrinə görə, şəkərin təhlükəsiz hədlər daxilində müəyyən qədər dəyişməsi daha yaxşı əhval-ruhiyyə, yuxu və enerji səviyyəsi ilə əlaqəli ola bilər.

Almaniyanın FIDAM institutunda aparılan PRO-MENTAL araşdırmasında 400 diabet xəstəsinin məlumatları təhlil edilib. İştirakçıların 72 faizi birinci tip, 28 faizi isə ikinci tip diabetdən əziyyət çəkib. Onların orta yaşı 47 olub.

Tədqiqat iki həftə davam edib. İştirakçıların qanındakı qlükoza səviyyəsi fasiləsiz monitorinq cihazları vasitəsilə izlənilib. Eyni zamanda, xəstələr hər gün özlərini necə hiss etdiklərini, yuxu və enerji səviyyələrini qiymətləndiriblər.

Araşdırma gözlənilən bir nəticəni də təsdiqləyib: qanda şəkərin daha çox müddət ərzində hədəf diapazonda — 70–140 mq/dl — qalması növbəti gün daha yaxşı əhval-ruhiyyə ilə əlaqələndirilib.

Lakin alimlər başqa bir maraqlı məqam da aşkarlayıblar. Qlükoza səviyyəsinin müəyyən qədər dəyişməsi, bu dəyişikliklər təhlükəsiz hədləri aşmadığı halda, daha yaxşı özünü hiss etmə, yuxunun yaxşılaşması və enerji səviyyəsinin yüksəlməsi ilə əlaqəli olub.

Tədqiqatın müəllifləri bu nəticəni ehtiyatla şərh edirlər. Onların fikrincə, qan şəkərindəki hər bir kiçik dəyişkənliyi aradan qaldırmağa yönəlmiş davamlı nəzarət, ciddi qida məhdudiyyətləri və gündəlik rejimə həddindən artıq diqqət göstərilməsi bəzi insanlarda psixoloji yorğunluq yarada və gündəlik həyatdan alınan zövqü azalda bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, araşdırmanın nəticələri qan şəkərinə nəzarətdən imtina etmək anlamına gəlmir. Qlükozanın təhlükəsiz diapazonda saxlanılması diabetin idarə olunmasında mühüm olaraq qalır.

Mütəxəssislərin fikrincə, yeni nəticələr diabetin müalicəsində yalnız qanda şəkərin rəqəmlərinə deyil, pasiyentin həyat keyfiyyətinə və gündəlik özünü necə hiss etməsinə də diqqət yetirməyin vacibliyini göstərir.

Araşdırma qlükoza səviyyəsindəki dəyişikliklərlə insanın özünü daha yaxşı hiss etməsi arasında əlaqə müəyyən edib. Lakin bu əlaqənin birbaşa səbəb-nəticə münasibəti olduğunu sübut etmir və nəticələr iştirakçıların subyektiv qiymətləndirmələrinə əsaslanır.

//Gülnarə Abasova, Editor.az