ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdiribbackend

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Kubaya qarşı sanksiyaları növbəti dəfə sərtləşdirib. Yeni məhdudiyyətlər ölkə ilə maliyyə əməliyyatlarını, Kuba özəl sektorunun ABŞ bank sisteminə çıxışını və ABŞ vətəndaşlarının adaya səfərlərinin bəzi kateqoriyalarını əhatə edir.

Editor.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, amerikalı maliyyə qurumlarına Kuba hakimiyyətinin güc strukturları və Grupo de Administración Empresarial S.A. konqlomeratı ilə əlaqəli təşkilatlarla maliyyə əməliyyatları aparmaq qadağan edilib.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi 2024-cü ildən qüvvədə olan və müəyyən şərtlər daxilində Kuba ilə dollar ödənişlərinin həyata keçirilməsinə imkan verən ümumi lisenziyanı ləğv edib. Həmin lisenziya çərçivəsində göndərən və qəbul edən tərəfin ABŞ-dan kənarda yerləşdiyi və əməliyyatın ABŞ vətəndaşlarının maraqlarına toxunmadığı hallarda amerikalı bankların Kuba ilə bağlı dollar ödənişlərini emal etməsinə icazə verilirdi.

Vaşinqton həmçinin Kuba vətəndaşı olan müstəqil sahibkarların ABŞ banklarında hesab açmasına və həmin hesablardan istifadə etməsinə imkan verən icazəni də ləğv edib. Bu imkan 2024-cü ildə, Co Bayden administrasiyası dövründə, Kubada özəl sektorun fəaliyyətini dəstəkləmək məqsədilə yaradılmışdı.

Yeni məhdudiyyətlər ABŞ vətəndaşlarının Kubaya səfərlərinə də təsir edib. Belə ki, mədəni mübadilə proqramları, konfranslar və peşəkar görüşlər də daxil olmaqla, müəyyən kateqoriyalar üzrə səfərlər üçün bundan sonra ABŞ hakimiyyətinin əlavə icazəsi tələb olunacaq.

Məhdudiyyətlər ABŞ-ın Kuba siyasətində daha sərt xəttin davamı kimi qiymətləndirilir. Qeyd edək ki, daha əvvəl USA Today qəzeti Pentaqonun Kubaya qarşı mümkün hərbi əməliyyatla bağlı məxfi hazırlıq apardığını yazmışdı. Bu məlumat isə hazırda müstəqil şəkildə təsdiqlənməyib.

//Gülnarə Abasova, Editor.az