Stomatoloq uşaqlarda qələm dişləməyin təhlükələri barədə xəbərdarlıq edibbackend

Stomatoloq uşaqlarda qələm dişləməyin təhlükələri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar arasında geniş yayılan qələm və karandaş dişləmək vərdişi ağız boşluğunun sağlamlığı üçün ciddi risklər yarada bilər.

Editor.az xəbər verir ki, stomatoloq-terapevt Mariya Belayevanın sözlərinə görə, məktəb ləvazimatlarının üzərində müxtəlif bakteriya və viruslar toplana bilər. Qələm və karandaşların davamlı olaraq dişlənməsi isə ağız boşluğunun selikli qişasında və diş ətlərində xırda zədələrin yaranmasına səbəb ola bilər.

Mütəxəssis bildirib ki, bu cür zədələr infeksiyanın ağız boşluğuna daxil olması və iltihabi proseslərin yaranması üçün şərait yaradır. Eyni zamanda, sərt əşyaların dişlərə davamlı təzyiq göstərməsi diş minasının aşınmasına, diş həssaslığının artmasına, hətta bəzi hallarda dişlərdə çat və qopmaların yaranmasına gətirib çıxara bilər.

Həkim uşaqlarda qələm və karandaş dişləməyin dişlərin düzgün yerləşməsinə də mənfi təsir göstərə biləcəyini qeyd edib. Vərdiş uzun müddət davam etdikdə düzgün olmayan dişləmənin formalaşması və ya mövcud ortodontik problemlərin ağırlaşması mümkündür.

Xüsusilə süd dişləri olan uşaqlarda bu vərdişə diqqət yetirmək vacibdir. Süd dişlərinin köklərinin tədricən sorulduğu və onların altında daimi dişlərin formalaşdığı dövrdə yaranan travma və iltihab gələcəkdə daimi dişlərin çıxmasına mənfi təsir göstərə bilər.

Bundan əlavə, ağız boşluğunda plomb olan uşaqlarda qələm və karandaşın dişlənməsi plombun zədələnməsinə, çatlamasına və ya düşməsinə səbəb ola bilər.

Stomatoloq valideynlərə uşaqların bu vərdişinə nəzarət etməyi və onlara qələm, karandaş kimi əşyaları dişləməyin mümkün fəsadlarını izah etməyi tövsiyə edib. Mütəxəssisə görə, uşağın bu davranışı davamlı xarakter daşıyırsa, problemin səbəbini müəyyənləşdirmək üçün psixoloqa müraciət etmək də məqsədəuyğundur. Bəzi hallarda belə vərdişlər stress və emosional gərginliklə əlaqəli ola bilər.

//Gülnarə Abasova, Editor.az