10–39 yaş arasında kişilər arasında ölüm hallarının əsas səbəbinin yol-nəqliyyat hadisələri olduğu müəyyənləşdirilib. Beynəlxalq alimlər qrupu Global Burden of Disease layihəsi çərçivəsində 204 ölkə və ərazinin 1990–2023-cü illəri əhatə edən məlumatlarını təhlil edib.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri “The Lancet Public Health” jurnalında dərc olunub.
Araşdırmaya əsasən, son 33 il ərzində dünyada yol-nəqliyyat hadisələri nəticəsində xəsarət və ölüm göstəricilərində azalma müşahidə edilib. Belə ki, yol qəzaları ilə əlaqəli xəsarətlərin sayı 38,3 faiz, ölüm səviyyəsi isə 32,3 faiz azalıb.
Bununla belə, yol-nəqliyyat hadisələri qlobal miqyasda ciddi ictimai səhiyyə problemi olaraq qalır. 2023-cü ildə dünyada bu qəzalarda təxminən 1,34 milyon insan həyatını itirib, 50 milyondan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Xüsusilə gənc kişilər arasında yol qəzalarının payı yüksək olaraq qalır. 2023-cü ildə 20–24 yaşlı kişilər arasında bütün ölüm hallarının təxminən 20,7 faizinin yol-nəqliyyat hadisələri ilə bağlı olduğu müəyyənləşdirilib. Bu yaş qrupunda qəzalardan ölənlərin sayı təxminən 98 min nəfər təşkil edib.
Alimlərin fikrincə, yol qəzalarında ölüm və ağır xəsarət riskinə bir sıra amillər təsir göstərir. Bunlara yol infrastrukturunun vəziyyəti, nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsi, yol hərəkəti qaydalarına riayət olunması və qəza zamanı tibbi yardımın nə qədər operativ göstərilməsi daxildir.
Bir sıra ölkələrdə yol-nəqliyyat hadisələrindən ölüm hallarının azaldılması üçün “Vision Zero” və “Safe System” kimi yanaşmalardan istifadə olunur. Bu konsepsiyaların əsas məqsədi yol hərəkəti iştirakçılarının səhvlərinin qaçılmaz olduğunu nəzərə alaraq, həmin səhvlərin ağır xəsarət və ya ölümlə nəticələnməsinin qarşısını alan təhlükəsiz nəqliyyat sistemi formalaşdırmaqdır.
Araşdırmada qeyd olunur ki, qlobal göstəricilərdəki müsbət tendensiya bütün ölkələrdə eyni səviyyədə müşahidə edilmir. Son onillikdə bəzi dövlətlərdə yol qəzalarından ölüm göstəriciləri artıb. Məsələn, ABŞ-da standartlaşdırılmış ölüm göstəricisi 13,2 faiz, Qanada isə 48,5 faiz yüksəlib.
Tədqiqat müəllifləri bildirirlər ki, yol-nəqliyyat xəsarətlərinin qarşısının alınması yalnız nəqliyyat siyasəti məsələsi deyil, həm də mühüm ictimai səhiyyə prioritetidir. Xüsusilə gənclər arasında ölüm və ağır xəsarətlərin yüksək olması uzunmüddətli sosial və iqtisadi nəticələrə səbəb ola bilər.
//Gülnarə Abasova, Editor.az

