ABŞ-İran qarşıdurmasının davam etməsi Yaxın Şərqdə təhlükəsizlik arxitekturasına təsir göstərməklə yanaşı, regionun enerji və nəqliyyat marşrutları üçün də əlavə risklər yaradır. Xüsusilə Hörmüz boğazında mümkün gərginliyin artması qlobal enerji bazarlarına, eləcə də region ölkələrinin iqtisadi və təhlükəsizlik maraqlarına birbaşa təsir göstərə bilər. Qarşıdurmanın hərbi müstəviyə keçməsi və ya diplomatik kanallar vasitəsilə nizamlanması istiqamətində atılacaq addımların Cənubi Qafqaz üçün mümkün nəticələri də diqqət tələb edir. Bu baxımdan, ABŞ və İran arasında mövcud qeyri-müəyyənliyin səbəbləri və prosesin hansı istiqamətdə inkişaf edə biləcəyi regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ-ın Yaxın Şərqə münasibətdə siyasəti iki istiqamət üzrə paralellik təşkil edir:
“Tramp administrasiyası bir tərəfdən İranla sülh danışıqları prosesinin davam etdirilməsinə çalışır. Digər tərəfdən isə İrana qarşı hərbi əməliyyatların bərpa olunma ehtimalını da gündəmdə saxlayır. Hər halda, Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etmək variantı üzərində daim düşünməsi və düşündüyünü bəyan etməsi belə ehtimalları ön planda saxlayır. Belə anlaşılır ki, Ağ Ev həm anlaşma, həm də savaş ehtimalı istiqamətləri üzrə eyni vaxtda irəliləməyə çalışır. Böyük ehtimalla, savaşın bərpa olunması variantını Ağ Ev İrana qarşı təzyiq mexanizmi kimi gündəmə gətirməyə çalışır. Yəni bu da onu göstərir ki, Yaxın Şərqdəki hərbi-siyasi böhranın qısa müddətdə həll olunma ehtimalı o qədər də yüksək deyil. Bu hərbi-siyasi böhranın hələ uzun müddət davam edə biləcəyi qətiyyən istisna deyil.
Son vaxtlar rəsmi Tehran bəyan edib ki, İran hər bir varianta hazır olmağa çalışır. Rəsmi Tehranın qənaətinə görə, Amerika Birləşmiş Ştatları aralıq seçkilərindən sonra hərbi əməliyyatların bərpa olunması qərarına gələ bilər. Ona görə də İran bu ehtimala, yəni riskli ehtimala hazır olmağa üstünlük verir. Bu ehtimalın hansı səviyyədə özünü doğrulda biləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır.
Çünki aralıq seçkilərinin nəticələri Tramp administrasiyasının Yaxın Şərq siyasətinə, eyni zamanda İranla qarşıdurma prosesində qəbul edəcəyi qərarlara birbaşa təsir göstərə bilər. Çünki əgər respublikaçılar bu aralıq seçkilərində qalib gələrlərsə, o zaman Tramp administrasiyasının mövqeyi möhkəmlənmiş olacaq və bu halda Tramp administrasiyası Yaxın Şərqdə daha sərt hərbi-siyasi kurs yürütmək imkanları qazana bilər.
Ancaq mövcud durum onu göstərir ki, respublikaçıların aralıq seçkilərdə qalib gəlmə imkanları o qədər də geniş deyil. Çünki Tramp administrasiyasının yürütdüyü daxili və xarici siyasət Amerika cəmiyyətində neqativ qəbul olunur. Hətta Tramp administrasiyasının yürütdüyü siyasətə qarşı kütləvi etiraz dalğası da mövcuddur. Bu baxımdan, mövcud situasiyanın aralıq seçkilərinin nəticələrinə təsir göstərə biləcəyi qətiyyən istisna deyil.
Yəni bu halda respublikaçıların aralıq seçkilərini uduzma ehtimalı daha inandırıcı görünür. Əgər bu ehtimal özünü doğruldarsa və respublikaçılar aralıq seçkilərdə məğlubiyyətə uğrayarsa, o zaman Tramp administrasiyası üçün ölkə daxilində də ciddi problemlər yaranmağa başlayacaq. Xüsusilə də Prezident Donald Trampın “topal ördək” vəziyyətinə düşmə təhlükəsi mövcuddur. Yəni parlamentdə üstünlük qazanacaq demokratlar Prezident Donald Trampın qərarlarını bloklaya bilərlər. Bu halda Prezident Donald Trampın öz səlahiyyətlərini icra etmək imkanları maksimum səviyyəyə qədər məhdudlaşmış olacaq. Yəni bu baxımdan da hesab etmək olar ki, aralıq seçkilərində məğlubiyyət olarsa, o zaman Tramp administrasiyası Yaxın Şərqdə yenidən hərbi əməliyyatların bərpa olunması imkanlarına malik olmayacaq.”
//Gülnarə Abasova, Editor.az

