Payız aylarında bir çox insan saç tökülməsinin əvvəlki dövrlə müqayisədə artdığını müşahidə edir. Lakin mütəxəssislərin fikrincə, bu vəziyyəti yalnız mövsüm dəyişikliyi ilə əlaqələndirmək düzgün deyil. Saç tökülməsinin artmasına yay aylarında keçirilmiş xəstəliklər, stress, kəskin arıqlama və dəmir çatışmazlığı da səbəb ola bilər.
Editor.az xəbər verir ki, həkim-trixoloq Yeseniya Qudovanın sözlərinə görə, saçların həyat dövrü bir neçə mərhələdən ibarətdir. Saç əvvəlcə aktiv şəkildə böyüyür, daha sonra dincəlmə mərhələsinə keçir və müəyyən müddətdən sonra tökülərək yerini yeni saça verir.
Mütəxəssis qeyd edib ki, yay aylarında dincəlmə mərhələsinə keçən saçların sayı arta bilər. Bu saçların tökülməsi isə dərhal deyil, müəyyən müddət sonra baş verdiyindən proses yayın sonu və payız aylarında daha nəzərəçarpan olur. Bununla belə, mövsümi saç tökülməsi bütün insanlarda eyni dərəcədə müşahidə edilmir və bu prosesin dəqiq mexanizmləri hələ tam öyrənilməyib.
Həkimin sözlərinə görə, güclü stress, yüksək hərarətlə müşayiət olunan infeksiyalar, əməliyyatlar və ya kəskin arıqlama kimi amillərin təsiri saçlarda dərhal özünü göstərməyə bilər. Belə hallarda saç tökülməsi adətən səbəb olan hadisədən iki-üç ay sonra başlayır. Buna görə də payız aylarında saç tökülməsi artıbsa, yay dövründə keçirilmiş xəstəlikləri, yaşanmış stressi və qidalanmada baş verən dəyişiklikləri də nəzərə almaq lazımdır.
Bu tip saç tökülməsi telogen saç tökülməsi adlanır. Bu zaman normaldan daha çox sayda saç eyni vaxtda dincəlmə mərhələsinə keçir və sonradan tökülür. Səbəb aradan qaldırıldıqdan sonra saçların sıxlığı, bir qayda olaraq, tədricən bərpa olunur. Lakin bunun üçün bir neçə ay tələb oluna bilər.
Mütəxəssis saç tökülməsinin miqdarını yalnız daraqda və ya duşdan sonra qalan saçların sayına əsasən qiymətləndirməməyi tövsiyə edib. Çünki tökülən saçların miqdarı saçın yuyulma və daranma tezliyindən də asılıdır. Daha az yuyulan saçlarda növbəti yuma zamanı tökülən saçların sayı daha çox görünə bilər.
Bunun əvəzinə saçın əvvəlki vəziyyəti ilə müqayisədə yaranan dəyişikliklərə diqqət yetirmək lazımdır. Saç ayrımının genişlənməsi, at quyruğunun əvvəlkindən daha nazik görünməsi, baş dərisinin daha çox görünməsi və ümumi saç sıxlığının azalması diqqət tələb edən əlamətlər hesab olunur.
Həkim saç tökülməsi qəfil və kəskin şəkildə artarsa, bir neçə həftə ərzində azalmadan davam edərsə və ya saçlarda nəzərəçarpacaq seyrəklik yaranarsa, dermatoloqa müraciət etməyi tövsiyə edib.
Baş dərisində saçsız nahiyələrin yaranması, güclü qaşınma, qızartı, qabıqlanma və ağrı kimi əlamətlər müşahidə edilərsə, vəziyyəti yalnız mövsümi dəyişikliklə əlaqələndirmək düzgün deyil. Qaş və kirpiklərin tökülməsi də həkim tərəfindən qiymətləndirilməlidir.
//Gülnarə Abasova, Editor.az

