Rusiya-Ukrayna müharibəsində Şimali Koreya hərbçilərinin iştirakı Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən amillərdən biri kimi qiymətləndirilir. Şimali Koreya hərbçilərinin döyüşlərə cəlb olunması münaqişənin beynəlxalq xarakterini daha da gücləndirməklə yanaşı, tərəflərin hərbi imkanlarına və regionun təhlükəsizlik mühitinə mümkün təsirləri də gündəmə gətirir.
Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, müasir dövrdə münaqişələrin beynəlmiləlləşməsi və prosesə yeni iştirakçıların qoşulması artıq adi hala çevrilib:
“Ümumilikdə dünya mənzərəsinə nəzər salsaq, etiraf etməliyik ki, qlobal münaqişələrin əsas daşıyıcı elementləri artıq göz önündədir. Onların bir-biri ilə əlaqələnməsi isə daha böyük təhlükələr yarada bilər. Hələlik bunun daha geniş miqyaslı nəticələrə gətirib çıxarmaması müsbət haldır.
Münaqişələrin təsirlərinə nəzər saldıqda Yaxın Şərqdə də oxşar mənzərə ilə qarşılaşırıq. İran, Amerika Birləşmiş Ştatları və İsrail arasındakı qarşıdurmaya müxtəlif formada digər dövlətlər də cəlb olunur. Bu iştirak bəzən birbaşa, bəzən isə dolayısı xarakter daşıyır.
Ukrayna-Rusiya müharibəsində isə Ukraynanı Qərb ölkələri dəstəkləyir. Bu baxımdan münaqişənin artıq yalnız iki ölkə arasındakı qarşıdurma çərçivəsində qiymətləndirilməsi mümkün deyil. Şərq-Qərb qarşıdurması daha geniş geosiyasi xarakter daşıyır və tərəflər arasında rəqabətdə müxtəlif siyasi, iqtisadi və hərbi vasitələrdən istifadə olunur”.
Politoloqun sözlərinə görə, Şimali Koreyanın nüvə potensialı və özünəməxsus siyasi-hərbi sistemi ölkəni digər dövlətlərdən fərqləndirir:
“Şimali Koreya hazırda hərbi və siyasi baxımdan özünəməxsus mövqeyə malik ölkələrdən biridir. Onun nüvə potensialı müəyyən mənada təhlükəsizlik təminatı rolunu oynayır. Pxenyan Qərbi rəqib kimi qəbul edir və bu qarşıdurmanı öz siyasi baxışlarının mühüm elementlərindən biri hesab edir.
Bu baxımdan Şimali Koreya hərbi birləşmələrinin Rusiyanın tərəfində Ukrayna müharibəsində iştirakı mühüm amildir. Bu proses Şimali Koreyaya real döyüş şəraitində təcrübə toplamaq, müxtəlif hərbi texnologiyaları və taktiki imkanları sınaqdan keçirmək imkanı verir. Eyni zamanda, Şimali Koreyanın hərbi qüvvələrinin iştirakı Rusiya üçün də əlavə dəstəkdir.
Müasir müharibələrdə hərbi təcrübənin əhəmiyyəti xüsusilə böyükdür. Döyüşlərdə iştirak edən tərəflər əldə etdikləri təcrübə əsasında taktika və texnologiyalarını təkmilləşdirirlər. Hazırda pilotsuz uçuş aparatları, raket sistemləri və digər müasir silahlar döyüşlərin xarakterini əhəmiyyətli dərəcədə dəyişir. Bu baxımdan Şimali Koreyanın da hərbi imkanlarını inkişaf etdirməyə çalışdığı görünür.
Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq hərbi-texniki sahəni də əhatə edir. Bu əməkdaşlığın genişlənməsi hər iki tərəfin hərbi imkanlarına təsir göstərə bilər. Şimali Koreyanın Rusiya ilə yaxınlaşması onun regiondakı geosiyasi mövqeyinə də təsir edən amillərdən biridir”.
Tofiq Abbasov hesab edir ki, Şimali Koreya hərbçilərinin Rusiya tərəfindən Ukrayna müharibəsində istifadəsi döyüşlərin gedişinə təsir göstərə bilər:
“Rusiya-Ukrayna müharibəsinin nəticəsi hazırda tam aydın görünməsə də, Şimali Koreya hərbi birləşmələrinin Rusiya tərəfində iştirakı döyüşlərin gedişinə təsir göstərə biləcək amillərdən biridir. Mənə elə gəlir ki, Şimali Koreya hərbçilərinin prosesə cəlb olunması Rusiyaya müəyyən hərbi üstünlüklər qazandıra bilər.
Burada söhbət yalnız canlı qüvvədən getmir. Söhbət həm də döyüş təcrübəsinin, taktiki imkanların və hərbi-texniki əməkdaşlığın genişlənməsindən gedir. Bu səbəbdən Şimali Koreyanın münaqişəyə cəlb olunması həm Rusiya-Ukrayna cəbhəsində, həm də daha geniş regional təhlükəsizlik mühitində nəzərə alınmalı amildir”, – deyə politoloq bildirib.
//Gülnarə Abasova, Editor.az

