İsveç Baltikyanı və Şimali Avropa ölkələri üçün vahid hava hücumundan müdafiə sistemi təklif edirbackend

İsveç Baltikyanı və Şimali Avropa ölkələri üçün vahid hava hücumundan müdafiə sistemi təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin hakim Mülayim Koalisiya Partiyası Baltikyanı və Skandinaviya ölkələrinin hava hücumundan müdafiə (HHM) sistemlərinin vahid şəbəkədə birləşdirilməsini təklif edib.

Editor.az xəbər verir ki, təşəbbüs barədə İsveçin xarici işlər naziri və Mülayim Koalisiya Partiyasının nümayəndəsi Mariya Malmer Stenerqard Latviyanın xarici işlər naziri Bayba Braje ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Stenerqardın sözlərinə görə, Skandinaviya və Baltikyanı ölkələrin HHM imkanlarının vahid, çoxsəviyyəli sistemdə inteqrasiyası regionun hava məkanının müdafiəsini gücləndirə bilər. Təklif olunan sistemin ballistik və qanadlı raketlərə, eləcə də pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarının artırılması nəzərdə tutulur.

İsveçli nazir bildirib ki, hazırda Skandinaviya və Baltikyanı ölkələr HHM sahəsinə böyük həcmdə investisiya yatırırlar. Onun fikrincə, ayrı-ayrı ölkələrin imkanlarının inteqrasiyası bu investisiyalardan daha səmərəli istifadə etməyə imkan verə bilər.

“Skandinaviya-Baltik hava hücumundan müdafiə qalxanı” adlandırılan təşəbbüsün region ölkələrinin mövcud HHM sistemlərinin vahid strukturda əlaqələndirilməsini nəzərdə tutduğu bildirilir.

Bununla belə, sözügedən təşəbbüs hələ reallaşdırılmış layihə deyil. Stenerqard bunun Mülayim Koalisiya Partiyasının seçki proqramı çərçivəsində irəli sürdüyü təklif olduğunu və partiyanın parlament seçkilərində qalib gələcəyi təqdirdə onun həyata keçirilməsi istiqamətində addımlar atılacağını vurğulayıb.

İsveçdə parlament seçkilərinin 13 sentyabr 2026-cı ildə keçirilməsi planlaşdırılır.

//Gülnarə Abasova, Editor.az